Türkiyədə Baba Nemətullah Naxçıvaniyə həsr edilən konfrans yekunlaşıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Səlcuq Universiteti Turizm Fakültəsi, Azərbaycan səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Gənc Alimlər və Mütəxəssislər Şurası, Naxçıvan Gənclər Fondu və Sahib Ata Dərnəyinin nümayəndələri iştirak ediblər.

AMEA Naxçıvan Bölməsinin əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov, “Naxçıvan” Universitetinin müəllimi Rəna Qurbanova Baba Nemətullah Naxçıvaninin həyatı, yaradıcılığı və  fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər.

Tədbirdə iştirak edən Türkiyəli ziyalılar bildiriblər ki, Baba Nemətullah Naxçıvaninin Akşəhərdə olan türbəsi yerli sakinlər tərəfindən  həmişə hörmətlə ziyarət olunub. Çünki o, bir elm adamı, dini biliklərə sahib dahi insan  kimi tanınıb. Akşəhər üçün əvəzsiz xidmətləri olan bu insan türk dünyasının ortaq dəyəridir. Çıxışlarında Naxçıvanda doğulan Baba Nemətullahın Türkiyədə yaşadığı illərdə göstərdiyi fəaliyyət, Akşəhərdəki ictimai siyasi mühit və onun bu mühitə təsirindən danışıblar. Səlcuq Universitetinin rektor müavini Özdəmir Koçak isə bildirib ki, Azərbaycanla Türkiyə arasında bir sıra ortaq dəyərlər var. Nemətullah Naxçıvani də bu dəyərlərdən biridir. O, 1500-cü illərdə Azərbaycan və Osmanlı coğrafiyasında mühüm xidmətləri olan İslam alimi və mütəfəkkirdir.

Konfrans bölmə iclasları ilə davam edib.

Tədbir iştirakçıları “Nemətullahın vətəni Naxçıvan” adlı filmə baxıblar. Sonda isə Naxçıvandan gələn nümayəndələrə və Naxçıvanın elm ictimaiyyəti üçün Türkiyədə yeni çapdan çıxan “Nemətulla Naxçıvaninin Quranın təfsiri” beşcildliyi hədiyyə edilib.

Səfər çərçivəsində Naxçıvandan olan nümayəndə heyəti həmçinin Baba Nemətullah Naxçıvaninin məzarını ziyarət edib, Akşəhərdə onun adını daşıyan 450 nəfərin təhsil aldığı İmam Hatib dini məktəbində və məsciddə olublar. Bütün tədbirlərdə iştirak edən Akşəhər Bələdiyyəsinin sədri Saleh Akkaya  və  Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova  Naxçıvandan gedən nümayəndə heyətini müşayiət ediblər.

Bundan başqa səfərdə Mövlanə Cəlaləddin Ruminin həkimi, əslən Naxçıvandan olan Əkmələddin Naxçıvaninin də məzarı ziyarət olunub.

Bu tədbir  Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsinə əsasən reallaşıb. Layihənin keçirilməsində əsas məqsəd orta əsrlər dövründə Osmanlı torpaqlarında yaşayıb fəaliyyət göstərən böyük islam alimi, əslən Naxçıvandan olan  Nemətullah Naxçıvaninin həyatı və irsinin toplanması, nəşri, tədqiqi və  təbliğidir.

Nümayəndə heyətinin tərkibinə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları da qatılıb və çəkilişlər aparıblar. Yaxın günlərdə konfrans və digər tədbirlərlə bağlı  hazırlanan geniş videomaterial Naxçıvan televiziyasının tamaşaçılarına təqdim ediləcək.

Qeyd edək ki, Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 29 oktyabr 2018-ci il tarixində Sərəncam imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: