Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Culfa Rayon İcra Hakimiyyəti ilə birgə “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə tədbir keçirilib.
Culfa rayon Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova qeyd edib ki, Culfa rayonunda uşaqlar yüksək qayğı ilə əhatə olunur, yeni tikilən və ya əsaslı təmir olunan məktəblərdə təhsil alır, asudə vaxtlarını məktəbdənkənar təhsil müəssisələrində səmərəli keçirirlər.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aytən Məmmədova bildirib ki, muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, istedadlarının üzə çıxarılmasına həssaslıqla yanaşılır, ən mütərəqqi üsullar tətbiq edilir, dövlət proqramları qəbul edilərək icra olunur.
Sonra 2017-2018-ci tədris ilində Culfa rayonunda təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən 13 uşağa fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində Culfa rayon Körpələr Evi-Uşaq Bağçasının balaca fidanlarının və Culfa şəhər uşaq musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı olub.