NUHÇIXAN xəbər verir ki, “1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” ərəfəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülər sağlamlıq imkanları məhdud uşaqları evlərində ziyarət edib, onların yaşayış şəraiti ilə tanış olublar.
Gənclər əvvəlcə Naxçıvan şəhərində yaşayan sağlamlıq imkanı məhdud istedadlı uşaq İlham Əbilovun qonağı olublar. İlhamın hazırladığı uşaq oyuncaqları və rəsm əsərləri gənclər tərəfindən maraqla qarşılanıb. Daha sonra, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən distant tədrisə cəlb edilmiş hərəkət məhdudiyyətli Qönçə Abdullayevanı ziyarət edən gənclər, ona asudə vaxtının səmərəli təşkilində köməklik göstərib, mənəvi dəstək olublar.
Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlərlə tanışlığı, sosial xidmət sahələrində könüllülük fəaliyyətinin genişlənməsinin təşviqi, uşaqlarda yarana biləcək diskriminasiya (ayrıseçkilik) hallarının qarşısının alınması, habelə onların sosial inteqrasiyasına nail olunmasından ibarətdir.