Mən mətbuat sahəsindəki fəaliyyətimlə bərabər, həm də uzun illər müəllim işləmiş, düz on doqquz il körpə balalarımızın təlim-tərbiyəsi ilə məşğul olmuşam. Özüm şagird olarkən bir-bir itirilən torpaqlarımız haqqında, o illərdə yaşanan dəhşətlər barədə bir müəllim kimi öz şagirdlərimə danışmağın əzabını uzun illər yaşamışam. Düz on doqquz il, demək olar ki, hər dərs günü, hər şagirdin biliyini qiymətləndirəndə qiymət kitabçasında yer alan “Bu günləri unutma!” başlığı altında verilən məlumatları – torpaqlarımızın işğal tarixlərini ürək ağrısı ilə oxumuş, bu tarixlərdə baş verənlər barədə şagirdlərimi daim məlumatlandırmışam. Ancaq, hər zaman şagirdlərimi inandırmağa çalışırdım ki, o torpaqlar gec-tez geri qaytarılacaq və biz bir gün o torpaqların geri alındığı günləri elliklə qeyd edəcəyik.
Bli, nəhayət ki, o gün gəlib çatdı. 27 sentyabr 2020-ci ildə başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində şanlı ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi. İndi xalqlmız həmin torpaqların azad olunduğu günləri qürurla qeyd edir.
Bu gün isə Şuşa Günüdür...
Haqqında çox eşitdiyim gözəl Şuşanı görmək uşaqlıq arzum idi. Ancaq Şanlı Qələbəmizdən sonra bu arzu daha böyümüşdü, sərhədlərə sığmırdı. İnanırdım ki, tezliklə bu arzuma çatacağam... Mütləq çatacağam...
2021-ci ilin xoş və unudulmaz bir iyul günü mobil telefonuma zəng gəldi... Tanış nömrə deyildi. Açdım... Səs də tanış gəlmədi. Danışığımız çox qısa oldu. Salamlaşma, tanışlıq, zəngin məqsədi, sağollaşma – hamısı birlikdə heç bir dəqiqə də çəkmədi. Heydər Əliyev Fondu tərəfindən Şuşaya dəvət olunurdum – Vaqif Poeziya Günlərində iştirak etmək üçün...
Bir anlığa yuxuda olduğumu düşündüm. Çünki ən böyük arzular – görmək istədiklərin, etmək istədiklərin insanın yuxusuna tez-tez girir. Daim o haqda düşündüyün üçün yuxuna da sirayət edir ən böyük istəklərin. Bu da mənim ən böyük arzum idi – nəvaxtsa Şuşada olmaq...
Yox, bu arzumun yaşı Şuşa nisgili ilə yaşıd deyildi. Bu istəyin 40-a yaxın yaşı vardı. Mən hələ uşaq olanda atam Şuşada – sanatoriyada olmuşdu. Şuşanın gözəlliklərindən, özəlliklərindən, havasından, suyundan, tarixi abidələrindən o qədər danışmışdı ki, bir könüldən min könülə vurulmuşdum Şuşaya... Şuşa bir növ mənim butam olmuşdu.
Yenicə yaşa dolmuşdum, yenicə o butamın dalınca Qərib kimi yola çıxmağa çalışırdım ki, Şuşanın yollarını duman aldı, çən aldı. Mən on birinci sinifdə oxuyanda Şuşa işğal olundu. Həmin günlərdə göz yaşları içində bir şeir yazmışdım:
Dаğ üstündən dаğ çəkilib qəlbimə,
Yаlvаrırаm, gəl dərdimi sоruşmа!
Qəlbim yеnə yüklənibdi dərd ilə,
Yаlvаrırаm, gəl dərdimi sоruşmа!
Qоpаrılıb bil yаrаmın qаysаğı,
Düşmən tutub həm sоlumu, həm sаğı.
Аlınıbdır musiqilər оcаğı,
Yаlvаrırаm, gəl dərdimi sоruşmа!
Şuşа mənim аz dərdimi çохаldıb,
Ürəyimdən şirin sözü çıхаrdıb.
Qаş düzəldən vurub gözü çıхаrdıb,
Yаlvаrırаm, gəl dərdimi sоruşmа!
Yаd əllərdə Üzеyirin tоrpаğı,
Mədəniyyət, şеir-sənət оcаğı.
Şuşа оlub bu millətə göz dаğı,
Yаlvаrırаm, gəl dərdimi sоruşmа!
Dаğılıbdır Qаrаbаğın büsаtı,
Həmzələrə qismət оlub Qırаtı.
Təhlükədə bü millətin həyаtı,
Yаlvаrırаm, gəl dərdimi sоruşmа!
Beləcə, gedib çata bilmədim Şuşaya, gedib tapa bilmədim butamı. Uzun illər bu nisgillə yaşadım. Buna yaşamaq demək mümkündürsə... Ona görə də bu gözlənilməz zəngi əvvəlcə şirin röyalarımdan biri sandım...
Amma yox... Bu, bir yuxu deyildi. Çünki Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz artıq Şuşanı işğaldan azad etmişdi. Artıq 2021-ci ildə Şuşada milli bayramımız olan Novruz bayramı qeyd olunmuş, “Xarıbülbül” festivalı təşkil edilmiş, bu qədim diyar Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş, yüzlərlə qonağa ev sahibliyi etmişdi. Ona görə də buna inanmaq lazım idi. Bu, bir yuxu yox, şirin bir həqiqət idi.
Bəli, yuxularım həqiqət oldu… Şuşaya yola düşdük…
Yol boyu dodağımın altında qeyri-ixtiyari nəsə pıçıldadığımı hiss edirdim… Normalda mən bədahətən şeir yazan şairlərdən deyiləm. Ancaq kədərin və sevincin ən yüksəyi bəzən məni də qeyri-ixtiyari dindirir… Bu dəfə də Şuşaya qovuşmaq səadəti məni ixtiyarsız dindirirdi:
Qollarını geniş aç!
Gəlirik, Şuşa, gəlirik.
Bu nisgilli ayrılıq
Çatdı başa, gəlirik.
Torpağın, daşın sehr,
Doyunca edək seyr.
Adına nəğmə, şeir
Qoşa-qoşa gəlirik.
Ta qovduq yağıları,
O qorxaq dığaları.
Keçilməyən dağları
Aşa-aşa gəlirik.
Nəhayət güləcəyik,
Hüsnünü görəcəyik.
Demişdik gələcəyik,
Qoşa-qoşa gəlirik.
Bəli, nəhayət ki, Şuşaya qovuşduq… Şuşa bizi gülərüzlə qarşıladı... Mən bunu hiss etdim. Şəhər, sanki, gülümsəyirdi, sevinirdi, həyəcanlanırdı. Çünki doğmaları gəlmişdi, əzizləri ilə görüşmüşdü. O gün Günəş də, sanki, daha yaxşı işıqlandırırdı Şuşanı. Bu göylər qızı ağacların, kolların, güllərin, çiçəklərin gözəlliyinə gözəllik qatmağa çalışırdı, sanki.
Az-çox səliqəyə salınan, ancaq Birinci Qarabağ savaşında güllələrdən, tank, top mərmilərindən “nəsibini alan”, “yaralanan” binalar da Günəşin gur şüaları altında gülümsəyirdi... İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə atılan top mərmisi ilə dağıdılan yaşayış binasında yaralanan, ancaq xoş bir təsadüf nəticəsində sağ qalan balaca oğlanın qan içində, yara içində gülümsəməsinə bənzəyirdi Şuşanın təbəssümü. Ağrılı olduğu qədər şirin idi, əziz idi Şuşanın gülümsəməsi. Şuşanın yarasını oxşamaq, tumarlamaq qədər əzablı və əziz heç nə ola bilməz. Düşünəndə ki, Şuşa tank, top atəşindən yaralananda neçə-neçə insan həlak olub, xəsarət alıb, şikəst olub, insanı dəhşət bürüyürdü. 30 il keçməsinə baxmayaraq, ayağını basdığın hər yerdə əzizlərimizdən kiminsə qurumuş qanı olar deyə ehtiyatlanırdım... Ağlamaq istəyirdim, ancaq yenicə kiriyən Şuşa da kövrələr deyə dözürdüm...
… Bu il də getmişdim Şuşaya… Dördüncü dəfə… Artıq Şuşa 2021-ci ildə gördüyüm Şuşa deyil… Tamamilə dəyişib Şuşamız. Yaraları sağalıb, daha gülərüz olub… Dağlar, daşlar daha da gözəlləşib sanki… Müasir binalar, təmir olunmuş qədim tikililər göz oxşayır. Ən əsası isə, artıq Şuşada insan nəfəsi, uşaq səsi daha çox duyulur… Çünki biz elliklə Şuşaya qayıtmışıq. Artıq Şuşanın işğaldan azad olunduğu gün – “Şuşa Günü” Şuşada qeyd olunur… Artıq Şuşada hər gün Şuşa Günüdür…
Qafar QƏNBƏROV,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
