8 NOYABR ZƏFƏRİ – AZADLIQ VƏ QAYIDIŞIN BÖYÜK SALNAMƏSİDİR

A- A A+

Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, zamanın fövqünə yüksələrək milli yaddaşın və mənəvi dünyasının ayrılmaz hissəsinə çevrilir. 8 Noyabr – Zəfər Günü də belə əlamətdar tarixlərdəndir. Bu gün xalqımızın yaddaşında böyük qürur, sonsuz iftixar və dərin ehtiram hissləri ilə yaşayır. Çünki Zəfər uzun illər xalqımızın qəlbində yaşatdığı Vətən həsrətinin sona çatmasına aparan yolun açılması, tarixi ədalətin bərpası, milli ləyaqətin və mənəvi bütövlüyün təntənəsidir.

Otuz ilə yaxın davam edən işğal dövrü Azərbaycan xalqının həyatında ağır izlər buraxdı. Doğma yurdlarından didərgin düşən insanların yaşadığı iztirablar, dağıdılmış şəhər və kəndlər, viran qoyulmuş tarixi abidələr, məhv edilmiş mədəniyyət ocaqları ümummilli yaddaşımızda silinməz ağrıya çevrildi. Bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşaması, ailələrin doğma evlərindən, ata-baba ocaqlarından ayrı düşməsi ölkəmiz üçün ciddi humanitar problem yaratdı. Həmin illərdə Qarabağ və Şərqi Zəngəzur təkcə coğrafi məkan kimi deyil, həm də milli-mənəvi varlığımızın, tarixi yaddaşımızın və mədəni kimliyimizin mühüm tərkib hissəsi kimi xalqımızın düşüncəsində yaşadı. İşğal nəticəsində dağıdılmış məscidlər, tarixi abidələr, muzeylər, kitabxanalar, məktəblər və digər mədəniyyət ocaqları xalqımızın maddi və mənəvi irsinə vurulmuş ağır zərbənin göstəricisi idi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın sarsılmaz iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı. Bu Qələbə, ilk növbədə, uzun illər doğma torpaqlarının azad olunmasını gözləyən insanların arzularının gerçəkləşməsi, milli birliyin və həmrəyliyin təntənəsi idi. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı ilə yazılan bu tarix Azərbaycan xalqının gücünü və əzmini bütün dünyaya nümayiş etdirdi.

Zəfərin insani və humanitar əhəmiyyəti onun yalnız hərbi uğurla məhdudlaşmamasında, insan talelərinin dəyişməsinə, milli yaddaşın qorunmasına və tarixi ədalətin bərpasına yeni imkanlar yaratmasında özünü göstərir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan özünün dövlət suverenliyini bütün ərazisində tam bərpa etdi. Bu gün azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, məktəblərin, xəstəxanaların və mədəniyyət müəssisələrinin yaradılması həyatın yenidən dirçəldilməsinə xidmət edir. Bir zamanlar dağıntılar içərisində qalan yurd yerlərində yeni evlərin, yolların, təhsil və mədəniyyət ocaqlarının inşa edilməsi xalqımızın quruculuq əzminin bariz ifadəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, ailələrin öz evlərinə və ata-baba ocaqlarına qovuşması, uşaqların doğma kənd və şəhərlərində təhsil alması, insanların öz yurdlarında əmək fəaliyyəti ilə məşğul olması Zəfərin ən mühüm humanitar nəticələrindəndir. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan yaşayış məntəqələrinə 10 mindən artıq ailənin, 40 mindən çox insanın qayıdışı təmin edilib. Bu göstəricilər Böyük Qayıdış prosesinin miqyasını və doğma torpaqlarda həyatın mərhələli şəkildə bərpa olunduğunu nümayiş etdirir.

Qarabağda yeni həyatın qurulması, eyni zamanda, gələcək nəsillərin həmin torpaqlarla mənəvi bağlılığının möhkəmləndirilməsi deməkdir. Qarabağ Universitetinin fəaliyyətə başlaması, təhsil və elm mühitinin formalaşması, gənclərin doğma torpaqlarda bilik əldə etməsi, mədəni həyatın canlanması regionun gələcəyinə yönəlmiş mühüm addımlardır. Bu gün Qarabağda ucaldılan məktəb binaları, fəaliyyətə başlayan mədəniyyət müəssisələri və bərpa edilən tarixi abidələr həyatın davamlılığını təmin etməklə yanaşı, milli irsimizin gələcək nəsillərə ötürülməsinə də xidmət edir.

Zəfərin mənəvi dəyərini müəyyən edən ən mühüm amillərdən biri şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiramdır. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adları xalqımızın yaddaşına əbədi həkk olunub. Onların ailələrinə dövlət qayğısının göstərilməsi, qazilərin sosial müdafiəsinin gücləndirilməsi, müharibə iştirakçılarının məşğulluğunun təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı yalnız sosial öhdəlik deyil, həm də cəmiyyətimizin mənəvi məsuliyyətinin ifadəsidir.

Bu baxımdan Zəfər Gününün əbədiləşdirilməsi məqsədilə yaradılan memorial komplekslər, muzeylər və xatirə məkanları xüsusi əhəmiyyət daşıyır. Bakıda Zəfər parkının və Zəfər muzeyinin yaradılması tarixi hadisələrin gələcək nəsillərə çatdırılması, şəhidlərimizin xatirəsinin yaşadılması və milli yaddaşın qorunması baxımından mühüm mədəni hadisədir. Muzeyin ekspozisiyalarında Qarabağın çoxəsrlik tarixinin, Vətən müharibəsinin gedişinin, Şuşanın azad edilməsinin, dövlət suverenliyinin bərpasının və Böyük Qayıdış prosesinin əks etdirilməsi Zəfərin tarixi mənzərəsinin bütöv şəkildə təqdim olunmasına xidmət edir.

Tarixi yaddaşın qorunması xalqın mənəvi varlığının yaşadılmasının əsas şərtlərindən biridir. İşğal dövründə dağıdılmış və talan edilmiş mədəni irs nümunələrinin bərpası, məscidlərin, türbələrin və tarixi abidələrin yenidən qurulması, mədəniyyət ocaqlarının fəaliyyətinin bərpa edilməsi milli kimliyimizin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qarabağın zəngin musiqi, ədəbiyyat, memarlıq, xalçaçılıq və sənətkarlıq ənənələrinin yenidən canlandırılması bu torpaqların tarixi-mədəni simasının bərpasına xidmət edir.

Zəfər, eyni zamanda, Azərbaycan xalqının birliyinin və həmrəyliyinin təntənəsidir. Vətən müharibəsi zamanı ölkəmizdə yaşayan müxtəlif xalqların və dini konfessiyaların nümayəndələri ümumi amal ətrafında birləşərək milli həmrəyliyin parlaq nümunəsini nümayiş etdirdilər. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın göstərdiyi birlik xalqımızın ortaq tarixi və mənəvi dəyərlərə bağlılığını bir daha təsdiqlədi. Bu birlik Azərbaycanın multikultural ənənələrinin, tolerantlıq mühitinin və vətəndaş həmrəyliyinin mühüm göstəricisidir.

Zəfərdən sonra qarşıda duran əsas məqsədlərdən biri regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan dövlətinin irəli sürdüyü sülh gündəliyi və münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulmasına yönəlmiş təşəbbüslər gələcək nəsillərin müharibə və qarşıdurma deyil, sülh, əməkdaşlıq və tərəqqi şəraitində yaşamasına xidmət edir. Çünki davamlı quruculuq, iqtisadi inkişaf və humanitar əlaqələrin möhkəmlənməsi yalnız təhlükəsiz və sabit mühitdə mümkündür.

Bu gün 8 Noyabr – Zəfər Günü xalqımız üçün həm qürur, həm də böyük məsuliyyət günüdür. Qürurumuz şəhidlərimizin qəhrəmanlığından, ordumuzun şücaətindən və xalqımızın sarsılmaz iradəsindən qaynaqlanır. Məsuliyyətimiz isə bu tarixi Qələbənin mənəvi dəyərlərini qorumaq, azad edilmiş torpaqlarda həyatı bərpa etmək, milli-mədəni irsimizi yaşatmaq və gələcək nəsillərə bütöv, firavan Azərbaycan miras qoymaqdır.

Zəfər bir xalqın öz tarixinə, torpağına, milli kimliyinə və gələcəyinə sahib çıxmasının parlaq nümunəsidir. Bu möhtəşəm tarix Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, milli qürur və mənəvi güc mənbəyi kimi gələcək nəsillərə ötürüləcəkdir. Çünki Zəfər yalnız qazanılmış hərbi Qələbə deyil, həm də doğma yurda qayıdışın, həyatın yenidən başlanmasının, milli yaddaşın dirçəlişinin və insanlıq dəyərlərinin təntənəsidir.

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: