Dərdlərin dərmanı-baldırğan

A- A A+

Dağlarımız, dərələrimiz min bir dərdə dərman olan bitkilərlə zəngindir. Yazda dağlıq ərazilərdə yabanı halda bitən, xüsusi qoxuya malik olan  belə qiymətli  bitkilərdən biri də hər tərəfi yaşıllıqlara bürüyən baldırğan bitkisidir. Bu bitki əsasən Şahbuz, Culfa, Şərur və Ordubad rayonlarındakı dağların ətəyində yetişən yabanı növ tərəvəzlərdən biridir. Aran ərazilərdə onu bağlarda da yetişdirənlər az deyil. Görənləri öz gözəlliyi ilə heyrətə salan baldırğan çoxillik ot bitkilərindən olub, çətirkimilər fəsiləsinə daxildir. Dünyada 60-dan çox növü olan bu bitkinin muxtar respublikamızda 2 növü yayılıb.

Şahbuzun Salvartı dağının ətəklərində bitən baldırğan növü Aşağı Qışlaq və Kükü kəndi ərazisində bəzək bitkisi kimi,  Keçəldağın yamacında və onun ətrafında yayılmış növü isə sənaye əhəmiyyətlidir. 

Baldırğanın yığılma vədəsi may ayının sonu, iyun ayının əvvəllərinə təsadüf edir. Bu bitkini yığmaq asan görünsə də, əslində  bir o qədər də asan deyil. Onun tünd qoxusu var. Yığılan zaman adamda kəskin baş ağrıları yarada bilir. Yığmaq üçün bıçaqdan istifadə edilir. Torpağın üstündən  2-4 santimetr yuxarı kəsilir. Bitkini əsasən sərin havalarda, səhərlər gün çıxmazdan əvvəl yığmaq lazımdır. Baldırğanı digərlərindən fərqli olaraq əlcəklə toplamaq vacibdir. Ona görə ki, bitkinin bıçaqla kəsilən yerindən çıxan şirəsi əllərdə ləkələr və yanıqlar yaradır. Dəriyə qıcıqlandırıcı təsir göstərir.

Naxçıvan muxtar respublikasında baldırğanın daha çox turşusu hazırlanır.  Ondan duzlu şorabada da hazırlayırlar. Bu zaman turşunun yeyilmə vaxtı 3-4 ay çəkir. Duza qoyulmuş bitkinin ən üstün cəhəti ondan ibarətdir ki, tərkibini dəyişmir, vitaminləri özündə saxlaya bilir.

Milli mətbəximizdə baldırğandan həm də dadlı mürəbbə bişirilir.  Mürəbbənin bişirilməsi üçün lazım olan baldırğan zoğları  yaxşıca soyulur, 3-4 santimetr bərabər hissələrə bölünür və qaynar suda pörtlədilir. Sonra süzülür. Əvvəlcədən hazırlanan şirənin içərisinə tökülür. Təxminən 1 kiloqram baldırğan 1,5 kiloqram şəkər tozunda bişirilir.

Qızardılıb üzərinə yumurta vurularaq da yeyilir. Təzə-təzə çıxanda orta hissədən çıxan çiçək özəyi yığılaraq çiy halda qabığı soyulub yeyilir.

Xalq təbabətində baldırğandan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Ondan hazırlanan preparatlardan ödqovucu, soyuqdəymə, ağrıkəsici və sakitləşdirici vasitə kimi istifadə olunur. Bitkinin müalicə məqsədləri üçün yarpaq, kök və toxumlarından istifadə olunur.

Kök hissəsi qaraciyər və sarılıq xəstəliklərinin əleyhinə olduqca faydalıdır. Təzə toplanmış bitkidən hazırlanan çaydan qastrit, həzm sisteminin pozulması, qan təzyiqi, ürək-damar xəstəlikləri zamanı istifadə olunur.  Onun iyun-iyul aylarında acan çiçəklərindən isə kəskin öskürək xəstəliklərində, soyuqdəymələrdə istifadə edilir. Yerüstü hissəsindən alınmış şirə isə bəzi  şişlərin müalicəsinə köməklik göstərir. Yarpaqlarından alınmış narın toz isə dəri qaşınmalarının qarşısını alır. Əzilərək çıxarılan suyundan daxili xəstəliklərin iltihabında istifadə olunur.

   

                                                          “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: