Brend məhsul- Göycə

A- A A+

Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Naxçıvan Muxtar Respublikası görünüşü və dadı ilə seçilən meyvələri ilə də fərqlənir. Bunlardan biri də alçanın yalnız Naxçıvanda yetişən göycə növüdür. Bu meyvənin təxminən 300-400 yaşı var. Maraqlıdır ki, Naxçıvandan aparılıb Azərbaycanın başqa bölgələrində əkilən göycələr heç vaxt yaxşı nəticə verməmişdir. Ona görə də Bakı şəhərində “Naxçıvan göycəsi” xüsusi qiymətləndirilir. İstər plantasiyalarda, istərsə də həyətyanı sahələrdə göycə əkilməsinə üstünlük verilir. Bir çox ailələr öz ehtiyacını ödədikdən sonra artıq məhsulu bazara çıxarır. May ayında Naxçıvanda hər ailədə gün ərzində süfrədə göycə olur. Göycənin qurudulması da yüksək dəyərləndirilir, göy halda şorabaya qoyulur.

Ən çox düzənlik və orta dağlıq ərazilərdə becərilən bu meyvə tez yetişir. Hündürlüyü 2,5 və 3,5 metr olan ağac yazda yarpaq açmazdan əvvəl çiçəkləyir. Meyvələri mayın ortalarında yeyilməyə başlayır. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, mayın axırı, iyunun əvvəllərində tam yetişir. Çoxillik ağaclar, adətən, 10-25 il normal məhsul verir. Hər bir ağacdan ildə təqribən 50 kiloqrama qədər məhsul toplanılır. Ağaclar şaxtaya dözümlüdür.

Qeyd edək ki, Naxçıvan göycəsinin tanıdılması, brend məhsula çevrilməsi üçün muxtar respublikada hər il ənənəvi “Göycə” Festivalı keçirilir. Bu il də iyunun 1-i və 2-də   “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət nazirlikləri, şəhər və rayon İcra hakimiyyətlərinin təşkilatçılığı ilə göycə festivalı keçiriləcək. Festivalın açılışı iyunun 1-də saat 11:00-da olacaq.

Festivalda Naxçıvan şəhərindən və muxtar respublikanın rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının sərgi-satışı həyata keçiriləcək.

“Şərqin səhəri” qəzeti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: