NUHÇIXAN xəbər verir ki, cari ildə Culfa rayonunda həyata keçirilən abadlıq və quruculuq tədbirlərinin bir hissəsi də Culfa şəhərini əhatə edir. Mart ayının əvvəlindən rayon Rabitə İdarəsinin yenidən qurulmasına başlanılıb. Artıq binanın dam örtüyü müasir üslubda vurulub, daxili arakəsmələr hörülüb başa çatıb. Hazırda binanın həm içərisində, həm də fasad hissəsində suvaqçəkmə, karnizlərin və qapı-pəncərələrin qoyulması tədbirləri həyata keçirilir.
Mart-aprel aylarında “Dəmiryolçular” və ümummilli liderin adını daşıyan parklarda yaşıllaşdırma, yenidənqurma tədbirləri həyata keçirilib, işıq sistemi bərpa olunub. Ulu öndər Heydər Əliyev parkındakı fəvvarə işə salınıb, oturacaqlar yenilənib və sayı artırılıb. Hər iki park şəhər sakinlərinin əsl istirahət məkanına çevrilib.
Hazırda şəhərdaxili yollarda abadlaşdırma tədbirləri həyata keçirilir. Belə ki, bir sıra küçələrdə yaranmış nasazlıqlar aradan qaldırılır, mərkəzi küçə-Ulu öndərin adını daşıyan prospekt isə yenidən qurulur. Prospektdə söküntü işləri başa çatmaq üzrədir. Xeyli sayda texnikanın cəlb olunduğu quruculuq tədbirlərində uzunluğu 2 km-ə qədər olan prospekt bir neçə metr genişləndirilərək 15 metrdən artıq olacaqdır. Artıq genişləndirilən hissədə asfalt örtük qaşınır, yatıq hissə qazılaraq qum-çınqılla bərkidilir. Dörd zolaqlı olacaq prospektdə səkilər, işıqlandırma sistemi yenidən qurulacaq, yaşıllaşdırma tədbirləri həyata keçiriləcəkdir. Şəhərin baş küçəsində nəqliyyatın hərəkətində problemlərin yaranmaması üçün də müvafiq tədbirlər görülüb. İnşaatçılar əsas diqqəti keyfiyyət amilinə verməklə quruculuq tədbirlərini vaxtında başa çatdırmaq üçün səylərini əsirgəmirlər.
“Arazın səsi” qəzeti