Hüseyn İbrahimov-100 - Ağrıdağ əzəməti

A- A A+

Həyatda vüqarlılıq axtaranda həmişə Ağrı dağına tərəf boylanmışam. Zirvəsi ağ örpəyə bürünmüş bu ulu dağın duruşunda bir möhtəşəmlik, baxışında müdriklik, görünüşündə saflıq duymuşam. Həyatda gördüyüm  ilk gündən sevimli yazıçı, xeyirxah insan, qəlbimin dərinliyində özünə əbədi yer tapmış Hüseyn İbrahimov mənim üçün Ağrı dağı qədər əzəmətli olub.

Nə vaxt görmüşəm, nə vaxt tanımışam Hüseyn müəllimi…

 ...1980-cı il idi.  Naxçıvan Dövlət Pedaqoji İnstitutunda təhsil alırdım.  Bir gün Naxçıvan şəhərində  dahi Nizami Gəncəvinin heykəli ucalan binanın yanından keçəndə qələm dostum Asim Yadigar məni səslədi: «Gəl, Hüseyn müəllimin yanına gedək. İndi o, Azərbaycan Yazıçılar İttifaqı  Naxçıvan Şöbəsinin məsul katibidir». Tərəddüd etdim: «Mən hara, Yazıçılar  Birliyinin şöbəsi hara?!» Asim Yadigar əl çəkmədi: «Hüseyn müəllim işə başladığı ilk gündən gənc şair və yazıçılarla maraqlanır, şöbəyə dəvət edir, kitablarını çapa hazırlayır. Sənin də ünvanına-Şərurun Axura kəndinə məktub göndərib, yəqin imtahan sessiyasında olduğun üçün xəbərin yoxdur» - dedi. Daha inandırıcı olsun deyə məktubun surətini mənə oxudu: «Hörmətli İbrahim Yusifov yoldaş, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinə təqdim olunan iş planına əsasən, ilin ədəbi yekunlarına həsr edilən yığıncaq keçirilir.

Sizi həmin yığıncağa dəvət edirik.

 Məsul katib:  H. İbrahimov, Yazıçılar İttifaqı Naxçıvan Şöbəsi».

Bundan sonra bir qədər ürəkləndim. İçəri keçdik. Qarşımda o idi. Əsərlərini sevə-sevə oxuduğum Hüseyn İbrahimov. Yuxu kimi gəlirdi bu görüş mənə. Həlim səsi fikrimdən ayırdı:  

- Şeirlərini oxumuşam,- dedi. Sabah Naxçıvan şəhərindəki M. S. Ordubadi adına Mərkəzi Kitabxanada keçirilən poeziya tədbirində sən də gənc şair kimi şeirlərini oxuyacaqsan, get hazırlaş!...

Beləcə, üzümə bir qapı da açıldı. Bu qapıdan keçib poeziya gecələrinə getdim, qəzet və jurnal səhifələrində dərc olundum, efir və ekranlardan səsim gəldi, almanaxlarda şeirlərim işıq üzü gördü və ilk kitabın barını daddım. Bütün bu yaxşılıqları mənə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan Şöbəsinin məsul katibi Hüseyn İbrahimov etdi.

                                    Bir ömrün sədası...

Muxtar respublika ədəbi mühitinin təşəkkül tapıb tərəqqi etməsində Hüseyn  İbrahimovun müstəsna xidmətləri var. Hazırda Naxçıvanda yazıb-yaradan yazıçı və şairlərin əksəriyyəti ədəbiyyatda ilk kövrək addımlarını Hüseyn müəllimin qayğısı sayəsində atıblar.

Ömrünü ədəbiyyata, onun inkişafına həsr edən tanınmış yazıçının hekayə və novellaları, povest və romanları Azərbaycan oxucuları tərəfindən həmişə rəğbətlə qarşılanıb və indi də maraqla oxunur. Onun «Baharın hekayəsi», «Göyərçinin məhəbbəti», «Ürək səhv edəndə», «Şirin xatirə», «Nəciblik», «Qu quşları öləndə oxuyurlar», «Sabahın sorağında», «Günəş doğan yerdə», «Bahar yağışı», «Böhtan», «Əsrin onda biri» və başqa kitabları nəşr edilib.  «Gülzar», «Ürək səhv edəndə» hekayə topluları və «Günəş doğan yerdə» romanı rus dilinə, həmçinin bir neçə hekayəsi müxtəlif  xalqların dillərinə  tərcümə edilib. «Zərifənin çiçəkləri»  hekayəsi əsasında eyni adlı film  çəkilib. «Torpağın övladları», «İtirilən sağlıq» pyesləri Naxçıvan teatrında tamaşaya qoyulub.

Hüseyn İbrahimov türk yazıçısı Əziz Nesinin, Suriya yazıçısı Murad Siabinin, Misir yazıçısı Şixata Ubeydin, özbək  yazıçısı Abdulla Qəhharın hekayələrini dilimizə tərcümə edib. Ədibin «Seçilmiş əsərləri» nəşr olunaraq oxuculara çatdırılıb.

«Əsrin onda biri» və «Böhtan» romanları onun yaradıcılığında xüsusi yer tutur. «Əsrin onda biri» (1987) böyük Azərbaycan memarı Əcəmi Naxçıvaniyə, «Böhtan» (1998) isə Azərbaycan poeziyasının romantik  filosof korifeyi Hüseyn Cavidə həsr olunub. Hər iki roman Azərbaycan ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

 

          Görkəmli şəxsiyyətlər  H. İbrahimov haqqında:

Hüseyn İbrahimovun yaradıcılığı haqqında görkəmli şəxsiyyətlər müdrik fikirlər söyləyiblər. Yazıçının 50, 60, 75 illiyində deyilmiş fikirlərin bu gün də aktuallığını nəzərə alaraq onlardan bəzilərini təqdim edirik:

- Hüseyn  İbrahimov həyata yaxşı bələd olan, qələmə aldığı mövzunu yaxşı bilən yazıçıdır. Onun rəvan, səlis bədii dili, rəngarəng ifadə vasitələri, gözəl nəql etmək tərzi vardır.

                                                                                                          Yavuz Axundov,

                                                                   filologiya elmləri doktoru, professor

«Azərbaycan gəncləri» qəzeti, 22.05.1969

 

- Hüseyn İbrahimov onu narahat edən bir sıra ictimai, tərbiyəvi problemləri «Günəş doğan yerdə», «Sabahın sorağında» romanlarında, vəzifə və pul düşgünlərini, ucuz və əyri yollarla varlanmaq ehtirası ilə yaşayanları «İtirilən sağlıq» pyesində, mədəniyyət tariximizdə misilsiz xidmətləri olan dahi bəstəkarımız Üzeyir Hacıbəyovun, onun M. Maqomayev, Ə. Haqverdiyev, H.Ərəblinski kimi sənət və məslək dostlarının amallarını «Ölməz mahnılar» adlı tarixi kino-povest ilə canlı, yaddaqalan səhnələrdə əks etdirib.

Hüseyn İbrahimov müasir dünyamıza həyatımızla sıx bağlı sənətkardır və bu günün problemləri onun əsərlərində aparıcı yer tutur.

Təmizliyə çağırış, insanlarda saflıq və gözəllik hisslərini istiqamətləndirmək, dövrümüzün mühüm əxlaqi problemləri, insan ləyaqətinə kölgə salan hər cür əyriliyə xəlqi mövqedən atəş açmaq Hüseyn İbrahimovun yaradıcılığının əsas pafosunu təşkil edir...

  Qulu Xəlilov,

filologiya elmləri doktoru, professor

«Ədəbiyyat və incəsənət» qəzeti, 15.06.1979

 

- Hüseyn İbrahimovun şəxsiyyəti, xarakteri ilə yaradıcılığı arasında  möhkəm bir bağlılıq, vəhdət vardır. O, xarakteri etibarı ilə çox təmkinli, daxilən saf, təmizkar, ağır adamdır. Məlum olduğu kimi, nəsr janrları da özünün təmkinli, sakit, epik təhkiyəsi ilə səciyyələnir. Adama elə gəlir ki, bu xarakterin sahibi heç vaxt şair ola bilməzdi. O, yalnız nəsr yazmalı idi.

İsa Həbibbəyli,

                   AMEA-nın həqiqi üzvü,

                       «Ədəbiyyat qəzeti» 08.06.1994

 

Hüseyn müəllim haqqında deyilmiş bu ürək sözlərinə onun «Vicdan səsi» hekayəsindəki Kamal müəllimin dediklərini ərmağan edirəm:

«Nə vaxt meşəyə yolum düşüb, orada gözüm ilk növbədə çinar axtarıb, palıd gəzib...

Hər hansı bir dağın döşündən keçəndə gözlərimi ilk növbədə zirvəyə zilləmişəm. Yalçın qayada qartal görəndə sinəm qabarıb! Bu da ondan irəli gəlib ki, həyat mənim başıma həmişə sığal çəkməyib.

Mən kasıb bir kişinin oğluyam... Daşdan çörək çıxaran adi bir fəhlənin... Ləyaqətli adamlar da görmüşəm, namərdlər də... Qeyri-insani münasibətlərə məruz qaldığım vaxtlar da olub. Ancaq heç zaman  müvazinətimi itirməmişəm, vüqarımı pozmamışam. Həmişə şahanə dolanmışam. Fikirləşmişəm ki, qoy övladlarım, onların həmyaşıdları mənə baxıb dəyanətli olmağı öyrənsinlər, bəzi naqislərin bəd əməllərini görüb ruhdan düşməsinlər, həyat yollarında büdrəməsinlər.

Bir müdrik qocadan soruşdular ki, niyə belə çox yaşamısan? Cavab verir ki, ömrüm boyu paxıllıq etməmişəm. Ən çətin vaxtlarımda da gözlərimə, bir də əllərimə güvənmişəm. Bıçağı uzun olana qəssab, kəfkiri uzun olana aşpaz deməmişəm»

            İnşallah, bir gün də bayram edərik,

             Ömrünün ikinci yarıməsrini.

1994-cü ilin may ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə Hüseyn İbrahimovun 75 illik yubileyi rəsmi qaydada qeyd edilirdi. Naxçıvan Dövlət Dram Teatrının binasında keçirilən yubiley tədbiri Hüseyn müəllimin şəxsiyyətinə və yaradıcılığına xas olan yüksək tərzdə təşkil olunmuşdu. Çıxış edənlərin təbrikləri səmimi və mənalı idi. Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, şair-publisist Hüseyn Razi öz ürək sözlərini aşağıdakı şeir parçası ilə ifadə etdi:

Əlli ildir bir yolda müsafirik,

Müşayiət eyləyib şeirim nəsrini.

İnşallah, bir gün də bayram edərik,

Ömrünün ikinci yarım əsrini.

Budur, bu ülvi arzuya qovuşmuşuq. Hüseyn İbrahim ömrünün ikinci yarıməsrinə, 100 yaşına çatıb.

«Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında» Naxçıvan Muxtar  Respublikası Ali Məclisi Sədrinin 13 may 2019-cu il tarixli və Respublika Prezidentinin  18 may 2019-cu  il tarixli sərəncamlarına uyğun olaraq yubiley tədbirləri geniş qeyd edilir…

...Həyatda gördüyüm ilk gündən sevimli yazıçı, xeyirxah insan, ömrünün 100-cü baharını qeyd etdiyimiz Hüseyn İbrahimov mənim üçün həmişə Ağrı dağı qədər əzəmətlidir...

                                               

                                                                                                İbrahim Yusifoğlu,

                                                               Azərbaycan Yazıçılar Birliyinin üzvü,

                                                                     «Şərur» Ədəbi Birliyinin rəhbəri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: