İmadəddin Nəsiminin “İstəmə” qəzəli və Teymurilərin Əlincəqalanın 14 illik mühasirəsi zamanı qalada baş vermiş hadisələr haqqında

A- A A+

Böyük Azərbaycan şairi İmadəddin Nəsimi dünya fəlsəfi irsinin unudulmaz simalarındandan biridir. Onun fəlsəfi irsi tarixi faktlarla çox zəngin olduğundan qəzəllərindən həm öz həyatını, həm Azərbaycan tarixinin gizli, diqqətdən kənarda qalmış səhifələrini, həm də təsəvvüf elminin ən dərin incəliklərini öyrənmək mümkündür.

Altı yüz əlli ildir, hürufiliyə aid ideyalarla böyük filosofların düşüncələrini paylaşan Nəsimi öz qəzəlləri ilə Azərbaycan və dünya ədəbiyyatına böyük ədəbi fəlsəfi miras bəxş edib. Fərqli üslubu, bədii dildə yüksək ifadə bacarığı, fəlsəfi düşüncə tərzi Yaxın Şərqdə şöhrət qazanmasına, türk xalqları tərəfindən dərin məhəbbətlə sevilməsinə səbəb olub.

Prezident İlham Əliyevin “ Azərbaycan Respublikasında 2019-cu ilin“Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamı şairin həyat və yaradıcılığına dair yeni tədqiqatların aparılması ilə yanaşı, mütəfəkkir şairin əsərlərinin düzgün təhlillərlə öyrənilməsi sahəsində imkanlar yaradır.

Nəsiminin qəzəllərini təhlil edərkən maraqlı tarixi faktlarla qarşılaşırıq.

Belə ki, onun “İstəmə” qəzəlinin məzmunu və qəzəldə olan adların öyrənilməsi zamanı aydın olur ki, bu qəzəl  1386-1401-ci illərdə Teymurilərin Əlincəni  mühasirəyə alan zaman  qalada baş vermiş hadisələrə həsr edilib. Mənbələrdən məlumdurki, bəhs etdiymiz illərdə əmirlərdən biri Əmir Altun Əlincəqalanın müdafiə olunmasında mühüm rol oynayıb. Onun dövründə Əlincəqala döyüşçüləri 3 dəfə Təbriz şəhərinə hücum edib hər üçündə  Təbrizi tuta biliblər. Bu illərdə  Nəiminin də Təbrizdə olması Əlincəqala müdafiəçilərinin Nəimini ona qarşı olan qüvvələrdən qorumağa edilən cəhdlərini göstərir. Əmir Altun 1393-cü ildə xəyanət nəticəsində öldürülür.  Bu hadisədən sonra 1394-cü ildə Nəiminin də Əlincəqala ətrafında faciəvi şəkildə edam olunması maraq doğuran tarixi faktlardan biridir. Hadisələrin baş verməsində xronoloji ardıcıllıq bu hadisələrin ard-arda baş verməsinin heç də təsadüfi olmadığını göstərir.

Nəsiminin “İstəmə” qəzəlində olan adları təhlil edərkən maraqlı faktlarla qarşılaşırıq. Qəzəldə qeyd olunan “Altunu tanı”, “sikkəsi fəzli-hünər”,”çinxislət” və yaxud, şairin özünə nəzərən yazdığı “səbəbkar” sözləri bu hadisənin baş vermə səbəbləri barəsində poetik mənalarla tarixi bilgilər verir, bu hadisənin səbəbini işıqlandırır:

 

Sən sana gər yar isən, gəl, ey könül, yar istəmə,

Yara dildar olsana sən yarı dildar istəmə.

 

Bivəfadır çün bu aləm kimdən istərsən vəfa,

Bivəfa aləmdə sən yarı vəfadar istəmə.

 

Gül bulunmaz bu dikənli dünyanın bağında çün,

Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə.

 

Mərifətdir xalis altun sikkəsi fəzli hünər,

Altunu tanı, zağəlindən arı dinar istəmə.

 

Təhlili Nəsiminin bu qəzəli Əmir Altunun Əlincəqalaya buraxılmayıb Mərəndə gedərək orada öldürülməsindən sonra yazdığını göstərir.  Yuxarıdakı beytlər Nəsiminin arzularının puç olmasını ifadə etməklə yanaşı “Altunu tanı” sözü Əmir Altuna, “sikkəsi fəzli hünər” sözləri skkə zərb olunan Əlincəqalaya və “Fəzl” adı Fəzlullahın bu hadisələrdəki iştirakına nəzərən deyilmiş rəmzi ifadələrdir.

Mənbələrdən Əmir Altunla Sultan Əhməd Cəlairinin oğlu Məlik Tahir arasında ədavət baş verdiyi məlumdur. Bu ziddiyətin ailə-məişət zəminində yaranması göstərilsə də məlum hadisənin Əlincəqala müdafiəçilərinin Əmir Altunun başçılığı ilə Təbrizə hücumlarından sonra başlaması sual yaradır. Qalada Əmir Altunla Məlik Tahir arasında münasibətlər gərginləşir, Əmir Altun 1393-cü ildə ərzaq tədarükü edib qalaya qayıdarkən Məlik Tahirin əmriylə qalaya buraxılmır. Bu zaman təsadüfən Əlincəqalaya gəlmiş 40 minlik Teymuri ordusu ilə döyüşərək mühasirədən çıxan Əmir Altun Mərəndə gedir. Lakin Mərənd hakimi onu xəyanətlə öldürür, başını isə Əmir Teymura göndərir. Əmir Teymur bu hadisədən hiddətlənir, Mərəndi dağıtdırır. Əlincəqalada baş vermiş bu hadisələrlə  Nəsiminin “İstəmə” qəzəli arasında məna əlaqəsi hadisəni bu qəzəl əsasında daha aydın təhlil etməyə imkan verir:

 

  Həqqə münkirdir fəqih, inanma ol şeytana kim,

  Yoxdur ol çinxislətin zatında iqrar istəmə.

 

 Arı göftar, ey könül, gerçəklərin nitqi dürür,

 Hər diləgridə yoxdur arı göftar, istəmə.

Qəzəldəki “arı göftar”(təmiz danışıq-K.G) sözündən Məlik Tahirin Əmir Altuna öz apardığı mübarizədə mane olmayacağı barədə söz verdiyi, amma, “diləgrilik”(yalançılıq-K.G) edərək Əmir Altunun üzünə qala qapılarını bağladığı aydın olur.  Bu da Əmir Altunun öldürülməsində mühüm səbəb rolu oynayır.  Qəzəldəki “çinxislət” sözü isə Məlk Tahirin monqol soyundan olmasının aydın ifadəsidir.

 

Cifədir dünya, anın talibləri adı kilab,

Olma kəlb anın kim, oldu adı murdar istəmə,

 

Şərbəti ağuludur fani cahanın sən anın,

Şırbətindən nuşidarı umma, zinhar istəmə.

 

Dünyanın sevgisi ağır yük imiş məndən eşit,

Nəfsinə yük etmə anı ey səbəbkar istəmə.

 Yuxarıdakı beytlərdə Nəsiminin apardığı mübarizəsinin acı nəticələri qəzəldə aydınlığı ilə təsvir olunub. Burada şair baş vermiş faciə ilə əlaqədar özünü “səbəbkar” adlandırması onun özünün də bu hadisələrdə iştirakını göstərən poetik ifadədir.

   Bir əmin mərhəm bulunmaz, ey Nəsimi, bu gün,

   Xəlqə faş etmə bu rəmzi, kəşfi əsrar istəmə.

Nəsimi bu hadisədən sonra tək qaldığını, lakin, “xəlqə”, yəni hər kəsə bu sirri açmaq istəmədiyini bildirib.

Mənbələrdə olan məlumatlarla qəzəldəki məlumatları qarşılaşdırarkən Əlincəqala müdafiəçilərinin  Nəsiminin vastəçiliyi ilə Nəiminin qorunmasında  fəal iştirak etdiyi, Əmir Altunun öldürülməsi ilə hadisələrin məcrasının dəyişməsi aydın olur. Nəiminin 1394-cü ildə Əlincəqala ətrafında faciəvi şəkildə edam olunması Əlicqala müdafiəçiləri ilə hürufilər arasında çox yaxın əlaqələr olduğunu deməyə əsas verir.

Göründüyü kimi, Nəsiminin qəzəllərindəki rəmzi mənalı məlumatlar Əlincəqalanın tarixinin öyrənilməsində mühüm rol oynayır. Nəsimi irsinin ətraflı öyrənilməsi Əlincəqalanın bəzi açılmayan sirrlərinə, tariximizin qaranlıq səhifələrinə işıq sala bilər.  

                                                                                                            Kamal Xanəgahı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: