Naxçıvanın zümrüd qaşı- Göycə- ŞEİR

A- A A+

Adı yercə, göycədi,

Alça yox a, göycədi.

Adında mənaya bax,

Göy yeyilir, göycədi.

 

Xalamgilin həyətində iki göycə ağacı vardı. Uşaqkən göycə yemək üçün onlara tez-tez gedərdim. Uzun bir ağacla çirpıb yerə tökdüyümüz dadlı göycələrı çibimizə doldurardıq və ovcumuzun ortasındakı duza batırıb ağzimiz sulana-sulana ləzzətlə yeyərdik. Hələ iyun ayında yetişib sulanan, ancaq öz zümrüd rəngini qoruyub saxlayan, sululuğundan partlayan turşaşirın göycənın isə tamam başqa dadı olardı.

 

Göycənin adı başqa,

Doğması, yadı başqa,

Naxçıvan göycəsinin

Vallahi, dadı başqa.

 

Meyvələrin başıyam,

Nübarı, meyxoşuyam.

Naxçıvan torpağının

Göy-zümrüdü qaşıyam.

 

Hər il gələr yazı ilə,

Söhbət ilə, saz ilə,

Dadını bilmək üçün,

Sən, ye onu duz ilə.

 

Ağacı çırpanda bəzən budağını qırardıq. Bu isə xalamın xoşuna getməzdi, hirslənərdi: -Ay bala, qırıb tökməyin, bu günün sabahı da var- deyərdi. Bəlkə də Bakıda yaşayan qohumlarımızın  kənddən Naxçıvan göycəsini gözləmələrı bizim yadımıza düşməzdi. Nə bilim, uşaq ağlımızla bunu heç düşünməzdik.  Goycə sovuşana kimi  biz də ağacın axırına çıxardıq...

Bu torpağın alı var,

Yamacı var, yalı var,

Bu il də Naxçıvanda

Göycə festivalı var.

 

Bu ərəfədə baharın üzü yaya gedən dövründə qızılgül, həmişəbaharın çiçəklədiyi vaxtda, göycənin sulandığı zamanda daha bir  gözəllik qatılır insan ömrünə. Ətrafa yayılan iydə çiçəyinin ətri. Yaxşı  deyiblər: “İydə çiçəklərinin qoxusunu nə çəkmək olur, nə göstərmək”. Ona ancaq şeir yaraşır :  

                   

Ətri valeh edir ruhumu mənim, 
Salxım-salxım olur yazda birçəyi.
Baharda oxşayır duyğumu mənim,
Yenə də açılıb, vədə çiçəyi.
Ay cənnət qoxulu iydə çiçəyi
.

 

Ciyərim dolusu nəfəs alıram,
Ətrinə, qoxuna heyran qalıram.
Bənövşə, qizilgül- yada salıram,
Qoparıb əzməyin yerdə çiçəyi,
Ay cənnət qoxulu iydə çiçəyi.

 

İncə, sarı donlu gözəl ciçəksən,
Ulduz kimi parlaq, ləçək- ləçəksən
Ölərəm, ətrini uzağa çəksən,
Mələklər iyləyir göydə çiçəyi,
Ay cənnət qoxulu iydə çiçəyi.

 

Səni sevməyənlər çoxdu, neyləyim,
Ətrinə ruhları toxdu, neyləyim,
Arzum sənə doğru axdı, neyləyim,
Gələn yaz görərəm bir də çiçəyi,
Ay cənnət qoxulu iydə çiçəyi!

 

                                                                     Təranə  Arifqızı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: