Qızılgül təsərrüfatı inkişaf etdirilir

A- A A+

Güllərlə bağları, parkları, xiyabanları, məktəbləri, həyətyanı sahələri, məzarlıqları, şadlıq evlərini və s. bəzəyirlər. Güllərə sərhəd yoxdur. Toyların sevinci, yasların təsəllisidir güllər. Ümumiyyətlə insanlar güllərə qulluq etməyi, sulamağı həvəslə yerinə yetirməklə, bunu bir istirahət, dinclik və sakitləşdirici vərdiş hesab edirlər.

Qızılgül gülçiçəklilər fəsiləsinə aiddir. Onun 300-dən artıq növü məlumdur. Çox qədim zamanlardan başlayaraq insanlar yabanı halda bitən qızılgülləri toplayıb, rənglərinə, ətrinə görə seçərək hazırda gördüyümüz mədəni qızılgüllərin növ, sort və formalarını əldə ediblər.  Başqa bitkilər kimi, hazırki qızılgüllər də xalq seleksiyasının məhsullarıdır.

Ən qədim mədəni gül növü qolikadır. Bu növ qızılgüllər kəskin ətirli, məxməri, güclü böyümə və ildə bir dəfə gül açma xüsusiyyətinə malikdir.

Bəzək məqsədindən başqa qızılgüldən ətriyyatda, konserv sənayesində, ətirli çayların hazırlanmasında, təbabətdə geniş istifadə edilir. 1250-1300 kiloqram qızılgüldən 1 kiloqram qızılgül yağı istehsal olunur və ətriyyat sənayesində geniş istifadə edilir. Bundan başqa qızılgüldən gül mürəbbəsi, gülqənd, gül suyu, gülab hazırlanaraq kulinariyada istifadə olunur. Bu ərzaq məhsullarının hazırlanması və istifadə edilməsi haqda bilgi və təcrübələr xalqımıza ta qədimdən məlumdur.

Qızılgül yağı, qızılgül dəmləməsi qədim zamanlardan müalicəvi vasitə kimi tanınır və geniş istifadə olunur. Qızılgülün əsas müalicəvi komponenti efir yağıdır. Qızılgülün efir yağı çox güclü stimullaşdırıcı, bərpaedici, cavanlaşdırıcı təsirə malikdir. Qızılgül ürəyi, sinirləri qoruyan bitkidir. Bundan başqa qədimdə sinir sistemi, ağciyər, ürək, böyrək, dəri xəstəlikləri zamanı qızılgüldən hazırlanmış yağlar, dəmləmələr çox geniş istifadə olunurdu. Qızılgül çayı çox faydalı müalicəvi və profilaktik vasitədir. İmmun sistemini, ürəyi möhkəmləndirir, sakitləşdirir, iltihabları azaldır. Ürək-damar sisteminə çox müsbət təsir edir, ürək əzələsini möhkəmləndirir, aterosklerozun qarşısını alır, damarlarda spazmları azaldır, ürək ağrıları zamanı faydalıdır. Nevroz, stress, depressiya zamanı qızılgül yağı əlavə olunmuş vannalar çox faydalıdır. Kosmetologiyada çox geniş istifadə olunur-dərini təmizləyir, cavanlaşdırır, təravətləndirir.

Ordubad rayonunda may ayının 15-dən sonra qızılgüllər açılmağa başlayıb. Ordubad bağlarında qızılgül daim yetişdirilib. Qızılgüldən alınan gülab, gül mürəbbəsi, gülqənd, gülməşəkər hər bir ailədə hazırlanıb qış azuqəsinə çevrilir. Bu gün qızılgülün satışından gəlir götürən yaxşı ailə təsərrüfatları formalaşıb. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planında ailə təsərrüfatlarında qızılgül mürəbbəsi və gülab istehsalının artırılmasına nail olmaq üçün bu bitkinin əkin sahəsinin genişləndirilməsi də nəzərdə tutulub. Bu şəraitdən yararlanan ailə təsərrüfatları sahibləri qızılgül istehsalına geniş yer verməklə daha çox gəlir götürmək imkanına malikdirlər. Qızılgül əkinlərinə geniş yer verilməsi həm də xalqımıza məxsus olan qədim əkinçilik ənənələrinin yaşadılması deməkdir. Ordubad rayonunda isə qızılgül yetişdirilməsinə hələ qədim zamanlardan başlanılıb. Uzun illər ərzində fərdi yaşayış evlərində ağbirçəklərimiz qızılgüldən mürəbbə və gülqənd hazırlayıb, konsentrat (gülab) əldə etmişlər. Ötən əsrin 30-cu illərindən başlayaraq Ordubad Konserv Zavodunun istifadəyə verilməsi ilə bu sahə daha da inkişaf etdirilib. Zavodda hazırlanan qızılgül mürəbbələri, gülqəndlər, qızılgül şərbətləri və gülablar keçmiş sovet ittifaqının bir çox şəhərlərinə göndərilərdi.

Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində muxtar respublikamızın blokadaya alınması və bir sıra başqa səbəblərdən Ordubad Konserv Zavodu fəaliyyətini dayandırmağa məcbur oldu. Bunun da nəticəsində istər meyvəçilikdə, istər tərəvəzçilikdə, istərsə də qızılgül istehsalında xeyli geriləmələr baş verdi.

Son illər kənd təsərrüfatının əksər sahələri kimi qızılgül sahələrinin də artırılmasına xüsusi diqqət yetirilir. Təkcə son illər rayonumuzun “Əylis düzü” deyilən ərazisində 10 hektara yaxın sahədə yaşıllaşdırma tədbirləri ilə 25 min ədədə yaxın qızılgül kolu əkilib. Bu il isə həmin sahələrdə xeyli bərpa işləri aparılıb. Həmin sahələrə yüksək səviyyəli aqrotexniki qulluq göstərməsi nəticəsində bu gün əkilən qızılgüllər öz bəhrəsini verməkdədir. Həmçinin Ordubad şəhərində, Şəhriyar qəsəbəsində, Düylün, Dəstə, Kotam, Vənənd, Aza və sairə kəndlərdə də fərdi təsərrüfatlarda qızılgül sahələri bir xeyli artmışdır.

 

                                                                      Bahar Əliyeva

                                                                    “El həyatı” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: