Qədim Naxçıvan torpağı yalnız zəngin milli mədəniyyəti, mətbəxi, mənəvi dəyərləri ilə deyil, həm də minilliklərdən gələn xalq təbabəti ilə də məşhurdur. Ulu babalarımız, ağbirçək nənələrimiz gündəlik müşahidələri və təcrübələri sayəsində zəngin təbiətimizdə mövcud olan dərman bitkilərindən istifadə edib, onların faydalı xüsusiyyətlərini gələcək nəsillərə də ötürüblər.
Yurdumuzun sakinləri qədim dövrlərdən məskən saldıqları yurd yerlərində xeyirli bitkiləri müəyyənləşdirib, təbiətdəki müxtəlif dərman bitkilərini heç bir səhvə yol vermədən toplayıb, onlardan məqsədyönlü şəkildə istifadə ediblər. Əcdadlarımız zaman-zaman xəstəliklərdən qorunmaq, müalicə olunmaq üçün, əsasən, xalq təbabətinin köməyindən faydalanıblar.
Culfa rayonunun ucqar dağ kəndi Boyəhmədin də təbiəti bu cür bitkilərlə zəngindir. Ailə təsərrüfatları ilə məşğul olan yerli sakinlər hətta bu bitkiləri toplamaqla bazara çıxarır və öz kiçik bizneslərini qururlar. Boyəhmədin təbiəti dərman bitkiləri ilə zəngindir və bu bitkilərin diapazonu olduqca genişdir. Dağlarda bitən bitkilərin bir çoxu iltihaba qarşı, bəlğəmgətirən, ürək tonusunu qaldıran, qankəsən, qanın qatılığını tənzimləyən, zəhərlənməyə qarşı və digər şəfaverici təsirlərə malikdir. Bu yerlərdə bitən cacıq, yemişan, dağarmudu, baldırğan, çaşır, şomu və s. meyvə və bitkilərdən hazırlanan turşu və kompotlar öz müalicəvi əhəmiyyəti ilə daim alıcılar tərəfindən yüksək qiymətləndirilir. O cümlədən, Boyəhmədin dağlarında nadir dərman bitkiləri də çoxdur. Belə ki, solmazçiçəyi, qantəpər, aslanpəncəsi, ayıqulağı, dazotu, andız, çobanyastığı, kəklikotu, nanə jenşen (yer adamı) və s. bitkilərin faydası qədim dövrdən bu günə qədər insanlar tərəfindən dəfələrlə sınaqdan çıxarılıb və onlar yüksək qiymətləndirilib.
Bu bitkilərin toplanması və qurudulması qaydalarını mütləq bilmək lazımdır. Çünki hər bir bitkinin toplanma vaxtı və qurudulma qaydası var. Yaz-yay aylarında toplanan dərman bitkiləri kölgədə qurudub, qablaşdırılır. Son dövrlərdə muxtar respublikamızın əhalisi dərman bitkilərinə daha çox maraq göstərirlər. Minilliklər ərzində təcrübədən keçərək min bir dərdin dərmanı olan xalq təbabəti bir xəzinə kimi qorunub və bu günümüzə qədər gəlib çatıb. Bizim hər birimizin borcu ulu babalarımızın, ağbirçək nənələrimizin sınaqdan çıxardığı, çox böyük müalicəvi təsirə malik olan dərman bitkilərinin faydasını bilməkdir.
Xalq təbabəti bir xəzinədir. Bu xəzinədən hər birimiz lazımınca faydalana bilərik.
Ədalət Cəfəroğlu
“Arazın səsi” qəzeti