Keçmişimizin yadigarı olan bu sənət incilərini hər il yüzlərlə turist ziyarət edir

A- A A+

Culfa rayonu  turizm üçün ən sərfəli məkanlardan biridir. Son vaxtlar həyata vəsiqə alan Xanəgah Abidələr Kompleksi, Nəiminin türbəsi, Gülüstan türbəsi, Əlincəqala, Qazançı körpüsü, çəkilən hamar yollar, yaradılan gülzarlıqlar bura gələn turistlərin marağına səbəb olub.

Bu mənada, rayonumuzun Xanəgah kəndi həmişə turistlərin diqqətini cəlb edib.     Bu yaşayış məntəqəsində turizmin inkişafına səbəb olan amillər çoxdur. Aparılan tədqiqatlar nəticəsində orta əsrlərə aid yaşayış yeri aşkar olunub. Burada orta əsrlərə aid məscid var. Əlincəçay memarlıq kompleksinə daxil olan bu məscid Xanəgah türbəsinin baştağına bitişik tikilib, 2 dayaqla 6 hissəyə bölünüb, hər hissə günbəzlə örtülüb. Xanəgah türbəsi də Əlincəçay Xanəgah Memarlıq Kompleksinin tərkibinə daxildir. Türbə binasında qapı yerinin üstündən düşmüş kitabəli daş lövhə Xanəgah məscidində saxlanılır. Giriş baştağının memarlıq elementləri Möminə xatın türbəsinin ayrıntılarına oxşayır. Arxeoloji tədqiqatlar bu kəndin 2000 ildən artıq yaşının olduğunu söyləyir. Xanəgah nekropolundan tapılmış bir neçə nümunə hazırda Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Dövlət qayğısı sayəsində Xanəgah Abidələr Kompleksi bərpa olunub , abidəyə qədər uzanan avtomobil yoluna qara örtük salınıb. Kənd yay fəslində xüsusilə füsunkar olur.

Turizmin inkişafına səbəb olan amillərdən biri də sakinlərin qonaqpərvərliyidir. Bura hər il yüzlərlə turist gəlir. Bu ilin mart ayında tur-aksiya, may ayında isə şahmat festivalı iştirakçılarının bir qrupu kəndin gəzməli, görməli yerləri ilə tanış olublar. Kənd sakinlərinin hazırladıqları nemətlərin-bal, cəviz, kənd yumurtası, lavaş, pendir, şor və kərənin, meyvələrin dadına baxmağı da onlara da təklif ediblər. Xanəgah Abidələr Kompleksi kimi tarix-mədəniyyət incisi ilə yanaşı, sakinlərin qonaqpərvərliyi də turistlər tərəfindən razılıqla qarşılanıb.

Naxçıvanın simvollarından biri olan Əlincəqalaya səyahət zamanı “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində sərgilənən və altıncı əsrə aid olduğu hesab edilən gümüş pula baxan turistlər Naxçıvanın hələ min illər öncədən sahib olduğu iqtisadi və mədəni inkişaf səviyyəsi haqqında təsəvvür əldə edə bilirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvanın qədim memarlıq məktəbinin qiymətli yadigarı olan Əlincəqalanın tarixi qorunub saxlanılmaqla bərpa edilən qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri bura gələn turist üçün çox maraqlıdır.

Əlincəqalanı seyr edən əcnəbi turistlərdən biri sosial şəbəkələrdə öz təəssüratlarını belə bölüşüb: - “Əlincəqala bu xalqın kökünü, soyunu, ruhunu bütün dünyaya tanıdan vətənpərvərlik abidəsidir. Çiskin yağış yağmasına baxmayaraq pillələrlə üzü yuxarı Əlincənin zirvəsinə doğru irəliləyirəm. Qarşımda heyrətamiz mənzərə açılır, Naxçıvanın kəndlərini ovuc içi kimi göstərən Əlincənin zirvəsində özümü xoşbəxt sanıram. Gözlərimin qarşısında gəzib-dolaşdığım Avropanın bir çox şəhərləri dayanır. Naxçıvan onların içərisində daha gözəl və cazibədar görünür. Mənə elə gəlir ki, Əlincə zirvəsini, onun inanılmaz zövq və əziyyətlə çəkilmiş yolunu görmək üçün istənilən turist, hər bir əcnəbi vətəndaş nə qədər desəniz pul xərcləyə bilər. Çünki bura sehrli-sirli bir aləmdir”.

Ötən ilin iyulunda Yaponiya vətəndaşı Mutsuka Hosaqava Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər zamanı o, muxtar respublikanın bir çox tarixi-mədəni abidələri ilə yanaşı rayonumuzun ərazisində yerləşən Əlincə və Qazançı körpüsünü də ziyarət edib. O, təəssüratlarını öz sosial şəbəkə hesabında  Naxçıvan Muxtar Respublikası haqqında fotoşəkillər yerləşdirərək “Azərbaycanın gizli xəzinəsinə ekskursiya” başlıqlı yazı ilə paylaşıb. Həmin fotoşəkillər arasında Əlincəqalanın və Qazançı körpüsünün də şəkilləri vardır. Ötən ilin oktyabr ayında isə Əlincəqalada olan nigeriyalı səyyah Joliandri Snsilo burada çəkdiyi video görüntünü özünün “Facebook” səhifəsində paylaşıb. Qala haqqında məlumat verən nigeriyalı qonaq buranı “Azərbaycanın “Maçu-Piççu”su adlandırdığını vurğulayır:

- Qala xarabalıqlar üzərində yenidən qurulub. Orta əsrlərdə bura Atabəylər dövlətinin iqamətgahı və ən güclü, böyük qalalarından olub. Azərbaycana məxsus olan Naxçıvanda dağın zirvəsində yerləşir. Qalaya qalxmaq üçün 35-40 dəqiqə lazımdır. Bu qalanı fəth etmək istəyən yadellilər, o cümlədən 14-cü əsrdə yaşamış Əmir Teymur bunu bacarmayıb.

Uzun illərdir yurdumuzun sinəsində ucalan dünya memarlığının nadir inciləri sırasında dayanan türbələr keçmişimizdən bu günümüzə açılan pəncərədir. Bu mədəniyyət nümunələrindən biri də rayonumuzun Gülüstan kəndi yaxınlığında yerləşən Gülüstan türbəsidir. Orta əsr mənbələrində bəzən “kəsik günbəz” kimi xatırlanan bu abidə Əcəmi memarlıq məktəbinə daxil olan abidələrlə oxşarlıq təşkil edir. Tarixi keçmişimizə göstərilən hörmət və ehtiramın nəticəsidir ki, bu gün əcdadlarımızın yadigarlarına göstərilən diqqət və qayğı sayəsində tarixi abidələrimizə yeni həyat verilir, daş yaddaşımız əvvəlki vəziyyətinə, görünüşünə qaytarılmaqla təzələnir. Bu mənada, Gülüstan türbəsi də dövlətimizin qayğısı ilə əhatə olunan abidələrdəndir. Türbə yenidən  bərpa olunub. Gülüstan türbəsinin və abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan Tarix-Mədəniyyət Qoruğu” yaradılıb. “Gülüstan Tarix-Mədəniyyət Qoruğu”nun əməkdaşı bildirir ki, hər il yüzlərlə turist bu sənət incisini nəinki seyr edir, onlar təəssüratlarını sosial şəbəkələrdə paylaşaraq öz həmkarlarını bu qədim diyara gəlməyə və görməyə səsləyirlər.

Haqqında söhbət açdığımız bu incilər, bu gün bura gələn turistlər üçün qiymətli cazibə elementləridir. Çünki Naxçıvan Azərbaycan xalqının qədim tarixinin yaşandığı bugünkü inkişafının əks olunduğu turizm məkanlarından biridir.

Hüseyn Şəkərəliyev

“Arazın səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: