Bir zamanlar “Qəcəmə daş” oynardıq… - Mənsur şeir - FOTOLAR

A- A A+

Bu gündən dünənə… Baxır, hey baxıram. O uşaqlıq, bu uşaqlıq… O oyunlar, bu oyunlar… Uşaqların bir-birinə o sevgisi, bu sevgisi… Həyət dolu uşaqlar, həyat dolu uşaqlar. Məhəllələrin səsi-küyü, sevinci, şaqraq gülüşlü uşaqları. Nə oyunlar oynayardıq. “Qəcəmə daş”dan başlardıq. Bunun üçün saatlarla daş axtarıb yığar-yığar, daha sonra içindən yumruların, rənglilərin seçərdik ki, gözoxşayan, əlimizə yatan olsun… Qəcəmənin ən qəşəngi çaylaqlarda tapılardı. Hələ gözdən oğurlanıb daş yığmağa yollanardıq... Bu daşlarla günləri biz edərdik baş. Nə bir qüssə, nə bir kədər, deyə-gülə o qayğısız uşaqlığı bu daşlarla atar-tutar, barmaqların on çeşidli formasından keçirərək qalib olar, xoş saatlar yaşayardıq… Bu tək bir daş oyunumu? Xeyr. Bu daş oyunu zəkamızı artırardı, göz yaddaşı bəxş edərdi uşaqlara. Əllərimizin bir andaca hərəkəti saatlarla bir idmana bərabərdi. Daşlaşardı o mənalı uşaqlığımız bu daşlarda. Gün, ay nədir? – ötən, gedən. Qalan nədir? – tək xatirə…

Tək “Qəcəmə daş”mı? Xeyr. “Evcik-evcik” oyunumuz da var idi. Daşıyardıq ev-eşikdən palaz-paltar, qab-qacaq, gəlinciklər küçəmizə. Bir guşəyə palaz açıb “evimizi” qurardıq biz. Biri ata, biri ana, biri də bala olardı. Çox sevimli ailəmizdə olanları evciklərə daşıyardıq. O illərin “Evcik-evcik” oyunundan yaddaşlara nələr hopub? Unudulmayan ən gözəli quru lavaşı ovub, üstünə də xırdalanmış pendir səpib “ailə” üçün hazırlanan yemək olub. Necə şirin yeyərdilər uşaqlar bu “yeməyi”. Uzun illər bu “yeməyi” xəyallardan ala bilmir… Bir sözümüz birimizə bəd gələndə küsüşərdik, küsülülük yuxumuzu ərşə çəkər, küsülülük bitənədək əzab çəkər, barışmağa can atardıq.

Binaların blokları “konsert zallarımız” idi. Pilləkənlər oturacaq. Qarşıdakı kiçicik bir “meydança” da çalanların, oxuyanların yeri idi. Musiqi məktəbində oxuyan uşaqların biri qarmon, nağarasın, biri tarın, kamançasın gətirərdi. Səsi olan oxuyardı. Yaşıdımız tamaşaçılar pilləkəndə çalanları alqışlardı. Oxuduğumuz yerdəcə mahnıların sözlərini unudardıq, bir andaca deyib-gülüb bir-birimizə qarışardıq. Açılardı birinci mərtəbədən bir qapı: “Ay uşaqlar, sizin əlinizdən biz hara gedək?” Açılardı ikinci mərtəbədən bir qapı: “Ay uşaqlar, bu nə səsdir?”… Qovulmaq qorxusu çökərdi üstümüzə. Böyüklərə nə var ki, alardılar pillələri əlimizdən, sevdiyimiz bu “zalı”. Başqa yerdə konsert olar? Tamaşaçı bəs harada əyləşərdi, çalanları, oxuyanları o haradan dinlərdi? Bax bunları düşünərək susardıq biz… Xatirələrə çevrilən mənzərələr bu günlərdə anılanda düşünürəm: – Böyüklərin hirsinə baxmayın, qoymasaydılar, qoymazdılar bizi o pillələrə. O səs-küyə tab gətirmək asanmıdır? Gözlərinin önündəcə olmaq üçün onlar bizə susurdular. Tək bununçün? Xeyr. Lap sonralar bildim ki, mən onlar bizi qapılardan dinləyirmiş… Sən demə, tamaşaçı tək məhəllə uşaqları deyilmiş. Qapının o tərəfində bizlə yaman qürur duyan neçə-neçə analar da, xalalar da var imiş…

“Yeddi daş”, “Ortada qaldı”, “Gizlən-qaç”, “Bənövşə, bəndə düşə”, “Ocaq yandı, su qaynadı”, “Əlimi siçan dişlədi”, “ Xan-vəzir”, “Tıx-tıx”, “Dama-dama”, “Fincan-fincan”, “Top divarda”dan danışmıram. İndi məhəllə uşaqları hər üzü şumal olan yeddi daş heç axtarmırlar. Onları üst-üstə yığıb topun güclü zərbəsilə heç ətrafa dağıtmırlar. İndi heç “Alma desəm aç, armud desəm, açma!”, – deyən də yoxdur. Dəqiqələrlə ortada qalıb topun zərbələrindən qurtulmaq üçün o yana-bu yana qaçan da yoxdur. Bənövşə də küskün düşüb, üz çevirib, heç yaxına gəlmir ki, bəndə düşə. Ocaq yanmır, su qaynamır. Məhəllələrdə indi bir zamanlar təbaşirlə çəkdiyimiz dama yoxdur. Yağışın, bir də qarın pozmasından məyuslandığımız damaları gör nə vaxtdır, “sel aparıb”. “Top divarda”n enib, “Xan-vəzir” ta unudulub, “Tıx-tıx” yada düşmür, “Fincan-fincan” da oynanmır. İndi artıq o körpəcə əlləri də heç siçanlar dişləmir. Siçanlar yerini “maus”a verib. “Maus”larsa əl dişləmir, ruhu dişləyir. Kompüterlər, smartfonlar, planşetlər, bir də ki playstationlar əvəzləyib o gözəl oyunları. Xoş xatirə qaynağı o ziyansız, zərərsiz oyunları… 

Tez-tez keçirəm məhəllələrdən. Yaman sükut çöküb məhəllələrə. Sanki uşaqlar yoxdur, hara isə gediblər. Lal sükut… Bu sükutu yaradan nə? Təbii ki, kompüter, telefonlar, planşetlər… Uşaqların əllərinə öz əlimizlə verdiyimiz xəstəliklər. Səsi çıxmasın, başı qarışsın, çöl-bayır istəməsin deyə, verdiyimiz telefonlar. Saatlarla kompüter qarşısına çökdürdüyümüz uşaqlar. Yorğun gözlər, əldən düşmüş sümüklər… Onurğası durğunluqdan “dil açan”, özü isə əsla usanmayan, doymayan uşaqlar… 

Məhəllələrdə görürəm hərdən az-maz uşaq. Əllərində planşetlər, smartfonlar… Bir kənarda anaları söhbət edir qonşularla şirin-şirin. Uşaqlarsa saatlarla oyunlarda. Körpələri vəhşiliyə sürükləyən oyunlarda… Telefondan gələn səslərə bax, gör necə də ətraflarda gurlayır: atışmalar, çığırışmalar, vahimələr… Bir kənardasa yelləncəklər, on cür oyun qurğuları. Baxdıqca uşaq olmaq istəyirəm... Bir zamanlar heç tapmazdıq bunları. Ağaclardan kəndir asıb yelləncəklər qurardıq. Yelləndikcə nazikləşən kəndirlərsə qəflətən qırılardı. Üzüüstə yerə düşüb, yaman yaralanardıq... Hayqırmaq istəyirəm: – Ay uşaqlar, yerə qoyun telefonları, gəlin yellənin, atılın-düşün, gününüzü heç olmasa bu oyunlarla keçirin...

Ana susur, ata susur… Nə üçün görən? Özlərinin uşaqlıqda oynadığı oyunları görən niyə öyrətmirlər uşaqlara? Gözlərinin önündəcə övladları yuvarlanır ətalətə, xəstəliyə, süstlüyə… Bilə-bilə, görə-görə görən niyə susur ana? Olanlara, keçənlərə nə üçün göz yumur ata? Heç gec deyil, ay atalar, ay analar! Uşaqları aparın öz keçmişinizə. Oyunlara qonaq edin, onlara da daddırın o şirinliyi, savab edin. O illərdən uşaqlara bir pay verin… Edin, hökmən edin. Uşaqlara gələcəkdə bir zamandan danışmağa söz verin… 

…Bir zamanlar “Qəcəmə daş” oynardıq. Başlayardı bu daşlardan oyunlarımız. Heç bitməzdi, tükənməzdi… Daşlaşıbdır uşaqlığımız o daşlarda. O kiçicik daşlardan başlayan oyunlarda… Harda görsən o daşlardan xatirələr düşür yada. ­Şirin-şəkər xatirələr. Uşaqlıqdan qalan gözəl xatirələr... 

İndi deyin, necə uçmasın xəyal o illərə? Noğul kimi oyunlardan bu gün əsər qalmayan o illərə…

 Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: