XRİTDX Naxçıvanda informasiya təhlükəsizliyi risklərinin idarə olunması üzrə təlim keçirib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri üçün informasiya təhlükəsizliyi risklərinin idarə olunmasına həsr olunmuş təlim keçirilib.

Təlimin məqsədi Naxçıvanda dövlət qurumlarının informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyətinin qiymətləndirilməsi, informasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi  və idarə olunması, eləcə də risklər reyestrinin formalaşdırılması üzrə praktiki biliklərin artırılması və qurumlara metodiki dəstəyin göstərilməsi olub.

Tədbiri girish nitqi ilə açan XRİTDX-nin rəis müavini general-leytenant Allahverən İsmayılov  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2025-ci il tarixli 411 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası”nın tələbləri və dövlət qurumlarının qarşısında duran vəzifələr barədə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

A. İsmayılov bildirilib ki, Qərara əsasən dövlət qurumları altı ay müddətində informasiya təhlükəsizliyi riskləri reyestrini formalaşdırmalı, mövcud təhdid və zəiflikləri müəyyən etməli, risklərin azaldılması üzrə konkret tədbirləri, məsul şəxsləri və icra müddətlərini müəyyənləşdirməlidirlər.

Təlim çərçivəsində dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında mövcud vəziyyət və aşkar edilən çatışmazlıqlar da müzakirə olunub. Tədbirdə çıxış edən XRİTDX-nin idarə rəisi Nadir Novruzov bildirib ki, informasiya təhlükəsizliyi yalnız texniki vasitələrin və antivirus proqramlarının mövcudluğu ilə təmin edilmir. Əsas prioritet informasiya aktivlərinin qorunması, risklərin düzgün qiymətləndirilməsi və onların aradan qaldırılması üzrə sistemli tədbirlərin görülməsidir.

Həmçinin XRİTDX-nin “Təhdidlər və həllər” kataloqunun yenilənməsi və dövlət qurumlarının formalaşdırdığı risklər reyestrlərinin normativ tələblərə uyğunluğunun qiymətləndirilməsi istiqamətindəki vəzifələr barədə məlumat verilib.

XRİTDX dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi, risklərin idarə olunmasında sistemli yanaşmanın formalaşdırılması və normativ tələblərin icrasının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: