İraq mediasında Zəfər Günü və işğaldan azad edilmiş ərazilərdə bərpa işləri barədə məqalələr dərc olunub - FOTOLAR
İraqın “Zaman”, “Dustur”, “Besmar”, “alhadathcenter” saytlarında, eləcə də Misirin “əl-Diplomasi” qəzetində Azərbaycanın 8 Noyabr – Zəfər Günü, Vətən müharibəsində qazanılmış tarixi Qələbə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və regionda sülh perspektivlərinə həsr olunmuş məqalələr dərc edilib.
NUHÇIXAN xəbər verir ki, iraqlı tədqiqatçı Mutəzz Muhy Əbdülhəmidin müəllifli olduğu yazılarda 8 Noyabrın Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutduğunu vurğulanır, bu tarixin ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehtiramın, milli birliyin və həmrəyliyin rəmzi olduğu qeyd edilir.
Məqalələrdə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğu bildirilir. Prezident İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı tarixi Qələbənin əsas amilləri kimi səciyyələndirilir.
Müəllif müharibədən sonrakı dövrdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq layihələrinə də diqqət çəkir. Yolların, körpülərin və hava limanlarının inşası, müasir şəhər və kəndlərin salınması, tarixi-mədəni abidələrin bərpası, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı istiqamətində görülən işlər xüsusi vurğulanır. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mədəni irsin bərpası layihələri də qeyd olunur.
Yazılarda mina təhlükəsinin Azərbaycanın üzləşdiyi əsas humanitar problemlərdən biri olduğu, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və ərazilərin təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyət daşıdığı bildirilir.
Məqalələrin digər hissəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri təhlil edilir. Müəllif 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin bütün ərazisində bərpa olunduğunu vurğulayır.
Müəllif, həmçinin 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin razılaşdırılmış mətninin paraflanmasının Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd edir.
Yazılarda Azərbaycanın suverenlik və ərazi bütövlüyünün qorunması ilə yanaşı, regionda davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş səyləri müsbət qiymətləndirilir.