Ticarət və əyləncə mərkəzlərində yanğın təhlükəsizliyi qaydaları - FOTOLAR

A- A A+

Müasir ticarət mərkəzləri geniş xidmət sahələrini əhatə edir və burada geyim, bəzək məmulatları, məişət əşyalarının alış-verişi ilə yanaşı, həm də uşaq əyləncə mərkəzləri, yeməkxana və s. fəaliyyət göstərir. Bütün bunlar iri ticarət mərkəzlərində yanğın təhlükəsizliyi məsələsinin vacibliyini bir daha gündəmə gətirir və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə daha ciddi münasibət göstərilməsini tələb edir. Ticarət mərkəzləri təkcə gənclərin və yaşlıların deyil, həm də uşaqların üz tutduğu, insanların daha sıx toplaşdıqları iri obyektlərdir və bu obyektlərdə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyinin təmin olunması çox vacibdir. 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi  bütün bunları nəzərə alaraq ticarət  müəssisələrinin sahibkarları və cavabdeh şəxslər tərəfindən ticarət və ictimai iaşə müəssisələrində bir sıra yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını vacib hesab edir.

Ticarət müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunması üçün qüvvədə olan qaydaların bütün tələblərinə ciddi riayət olunmalıdır. Birinci növbədə qeyd etmək lazımdır ki, qanunvericiliyə müvafiq olaraq ticarət müəssisələrinin, baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar daşıyırlar. 

Ticarət və əyləncə mərkəzlərində qeyri-standart qaz və elektrik qızdırıcı cihazlarından, yaxud elektrik közərmə lampalarından istifadə etmək qəti qadağandır. Sonluqları izolə edilməmiş elektrik naqillərini və məftillərini gərginlik altında saxlamaq olmaz.

Elektrik qurğularının istismarı zamanı izolyasiyası zədələnmiş, yaxud qoruyucu xassələrini itirmiş naqillərdən və məftillərdən, anbar və mağazalarda isə yemək bişirilməsi üçün məişət elektrik qızdırıcı cihazlardan istifadə etmək qadağan edilməlidir. Elektrik lövhələrinin üzərini hər hansı materialla örtmək qadağandır.

İstehsalat avadanlıqlarının quraşdırıldığı və təmir edildiyi elektrik qaz-qaynaq və digər odla əlaqədar işlərin aparıldığı yerlərdə yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilməsinə görə məsuliyyət həmin işlərin həyata keçirildiyi müəssisələrin rəhbərlərinin üzərinə düşür.

Ticarət mərkəzlərində və əyləncə obyektlərinin rəhbərləri, mühəndis-texniki işçilər qaz və elektrik qaynaq işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarının tələblərini həm özləri yerinə yetirməli, həm də tabeçiliyində olanlardan bu qaydalara ciddi riayət olunmasına nəzarət etməlidirlər. Həmin qaydalara müvafiq olaraq elektrik qaz qaynaqçıları qaynaq işlərinin aparılması üçün müəssisə rəhbərindən yazılı şəkildə icazə almalıdırlar. Kimyəvi  əridicilərin, lak və boyaların satışı ayrıca binalarda yerləşmiş mağazalarda həyata keçirilməlidir. Çoxmərtəbəli ticarət obyektlərində həmin malların satıldığı şöbələr yuxarı mərtəbələrdə yerləşdirilməlidir.

Ticarət və əyləncə müəssisələrində və onların ərazilərində siqaret çəkilməsi qadağan edilməlidir. Siqaret çəkilməsinə yalnız yanğınsöndürmə vasitələri ilə təmin edilmiş xüsusi ayrılmış yerlərdə icazə verilə bilər. Bu yerlərdə dövlət standartının tələblərinə əsasən müvafiq göstərici nişanlar qoyulmalıdır. Ticarət müəssisələrinin yanğın avtomatikası qurğuları daim işlək vəziyyətdə olmalı, onlara gecə-gündüz nəzarət təmin edilməlidir. Ticarət sıraları arasında məsafə isə 3 metrdən az olmamalıdır.

Ticarət müəssisələrinin havadəyişmə sistemləri müstəqil olmalıdır. Avtomatik yanğın siqnalizasiyası və yanğınsöndürmə sistemləri ilə birləşdirilməsi üçün nəzərdə tutulan bütün qurğular daim  saz vəziyyətdə saxlanılmalıdır. Havadəyişmə kanallarından tüstü yolu kimi istifadə etmək, havadəyişmə kanallarına qazisidici cihazları qoşmaq, sorma kanallarını, gözlüklərini və barmaqlıqlarını bağlamaq, havadəyişmə kameralarının qapaqlarını açıq vəziyyətdə saxlamaq qadağandır.

Ticarət sıralarında hər sıra üzrə hərəkət istiqaməti göstərilmiş və "ÇIXIŞ" sözü yazılmış ən azı 3 lövhə olmalıdır. Ticarət mərkəzlərində qaz cihazlarından və aparatlarından, habelə qaz balonları ilə işləyən cihazlardan istifadə edilməsi qadağan edilir. Günün gecə vaxtı obyektin ərazisi növbətçi işıqlandırıcılarla işıqlandırılmalıdır.

Ticarət və əyləncə mərkəzlərinin rəhbərləri və  yanğın təhlükəsizliyinə cavabdeh şəxslər yanğına qarşı su təchizatının tələb olunan səviyyədə olmasına ciddi nəzarət etməlidirlər. Üzərində yanğın avadanlığı qurulan su kəməri şəbəkəsi yanğınsöndürmə məqsədləri üçün lazımi təzyiqin və suyun hesablanmış miqdarda verilməsini təmin etməlidir. Yanğın çənləri, su hovuzları, su kəməri şəbəkəsi və hidrantlar yanğın və alışma hadisələri zamanı daimi istifadə üçün hazır vəziyyətdə olmalı, obyekt rəhbəri tərəfindən onların sazlığını təmin edən tədbirlər həyata keçirilməlidir.

Ticarət və əyləncə mərkəzləri normaya uyğun olaraq yanğınsöndürücü balonlarla təmin edilməli və onların sazlığına mütəmadi nəzarət olunmalıdır. Su hovuzları daim saz vəziyyətdə saxlanılmalı, su hovuzlarında daimi hesablanmış miqdarda suyun olması mütəmadi yoxlanmalı, su təchizatı ilə əlaqədar  təmir işləri aparıldığı, yaxud su kəməri sahələrinin şəbəkədən açıldığı, nasos stansiyasının sıradan çıxdığı hallarda nasazlığın tez bir zamanda aradan qaldırılması üçün tədbirlər görülməlidir. Yanğın su mənbələrinin yerləşdirildiyi yerlərdə müvafiq standartlara uyğun işarələr qoyulmalıdır.

Yanğın hidrantlarına və yanğın su kranlarına hər altı aydan bir texniki qulluq göstərilməli, yanğın nasosları daim hazır vəziyyətdə saxlanılmalı, hər 10 gündə bir dəfədən az olmayaraq suyu buraxmaq yolu ilə lazımi təzyiqin yaradılması yoxlanılmalıdır.

Yanğına qarşı daxili su kəmərlərinin bütün otaqlarda olan yanğın kranları şlanq və lülələrlə təchiz edilməli, rəflərə yerləşdirməlidir. Yanğın şlanqları quru, yaxşı bükülmüş kranlara və lülələrə birləşdirilmiş halda olmalıdır.

Ticarət və əyləncə mərkəzlərində yanğın hadisəsi zamanı insanları təhlükəsiz təxliyə olunması üçün “Təxliyə planı” işləyib hazırlanmalı və aydın görünən yerdən asılmalıdır. Təxliyə yollarının planlaşdırılması, onların saxlanılması, yanğın və yaxud digər qəza hadisələrinin baş verdiyi zaman insanların tez və sərbəst çıxarılması imkanını təmin etməlidir. Keçidlərin, çıxış yollarının, dəhlizlərin, pilləkənlərin hər hansı əşyalarla tutulması, həmin yerlərdə mal və avadanlıqların yığılması, həmçinin bu yerlərdən yardımçı xidmət üçün istifadə edilməsi qəti qadağandır.

İş vaxtı təxliyə çıxış qapıları bağlanmamalıdır. Ticarət mərkəzlərində və digər ictimai iaşə obyektlərində texnoloji avadanlıqların yerləşdirilməsi, müəssisəyə gəlib-gedən adamların köçürülməsi üçün xidməti pilləkən qəfəsəsindən istifadə edilməsinə maneçilik törətməməlidir.

Ticarət və əyləncə mərkəzlərində yanğın haqqında insanların xəbərdar edilməsi sistemlərinin saz vəziyyətdə olması yoxlanılmalı, dövlət standartının tələblərinə uyğun olaraq yanğın təhlükəsizliyi nişanları ilə təmin olunmalıdır.

Yanğın baş verdiyi hallarda ticarət müəssisələrinin, baza və anbarların rəhbərlərinin, könüllü yanğın dəstələrinin hərəkətləri birinci növbədə insanların təhlükəsizliyinin təmin edilməsinə yönəldilməlidir. 

Ticarət mərkəzlərində və digər ictimai iaşə obyektlərində hər hansı bir yanğın təhlükəsi ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin «112» qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin «101» xidmətinə məlumat verilməlidir. Unutmamalıyıq ki, təhlükəsizliyimiz öz əlimizdədir.

Əbülfəz Qafarov

Naxçıvan Muxtar Respublikası Fövqəaldə Hallar Nazirliyinin əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: