Xarıbülbül: Qarabağın əbədi simvolu, zəfər və sədaqət rəmzi

A- A A+

Azərbaycan təbiətinin nadir və ecazkar incilərindən biri olan Xarıbülbül (Ophrys caucasica) sadəcə bir çiçək deyil. O, xalqımızın ruhunu, Vətən həsrətini, sədaqətini və Zəfər əzmini özündə birləşdirən mənəvi rəmzə çevrilib. Əsasən Qarabağın tacı sayılan Şuşanın dağlarında və ətraf ərazilərdə bitən bu qeyri-adi çiçək özünəməxsus görünüşü, haqqında yaranmış əfsanələr və müasir tariximizin mühüm hadisələri ilə hər zaman diqqət çəkib.

Xarıbülbülün rəmzi mənası və özünəməxsusluğu dövlət başçılarının da diqqətindən kənarda qalmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş Şuşa şəhərində, Şuşa qalasının qarşısında söhbət edərkən bu ecazkar çiçək haqqında maraqlı dialoq aparıblar.

Türkiyə Prezidenti Xarıbülbülü orxideyanın bir növünə bənzətdikdə, Prezident İlham Əliyev çiçəyin adının onun bülbülə bənzəyən görünüşü ilə bağlı olduğunu vurğulayaraq belə demişdi:

“Bülbülə bənzədiyi üçün Xarıbülbül deyirik”.

Bu qısa, lakin dərin məna daşıyan fikir Xarıbülbülün adının və xalqımızın yaddaşındakı yerinin bir daha diqqətə çatdırılması baxımından əlamətdar idi.

Xarıbülbül əsrlər boyu xalqımızın folklorunda, aşıq musiqisində və poeziyasında sevginin, sədaqətin və Vətən həsrətinin rəmzi kimi yaşayıb. Xalq arasında bu çiçəklə bağlı dolaşan ən məşhur rəvayətlərdən biri Qarabağ xanı İbrahimxəlil xanın qızı, istedadlı şairə Ağabəyim ağanın adı ilə bağlıdır.

Tarixi mənbələrdə və xalq yaddaşında yaşayan rəvayətə görə, Ağabəyim ağa yadelli hökmdarla evləndikdən sonra Tehrana köçməyə məcbur olur. Sarayda onun üçün hər cür şərait yaradılsa da, o, doğma Şuşanın həsrəti ilə yaşayır. Vətən torpağının qoxusunu duymaq arzusu ilə Şuşadan xüsusi olaraq torpaq və Xarıbülbül toxumları gətizdirərək sarayın bağçasında əkdirir.

Lakin rəvayətə görə, bu ecazkar çiçək Şuşanın təmiz havasından, dağ suyundan başqa heç bir mühitə uyğunlaşmır. Başqa torpaqda boy atmır, saralaraq solur. Bu əhvalat xalq yaddaşında sadəcə bir çiçəyin xüsusiyyəti kimi deyil, Xarıbülbülün doğma yurda bağlılığının, Vətənə sədaqətin və ayrılıq həsrətinin rəmzi kimi yaşayır.

2020-ci ildə baş vermiş Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Xarıbülbülün rəmzi mənası yeni məzmun kəsb etdi. İşğaldan azad edilən torpaqlarımızın, xüsusilə Şuşanın azadlığının, qəhrəman şəhidlərimizin əziz xatirəsinin və xalqımızın Zəfərinin rəmzinə çevrilən bu çiçək bütün azərbaycanlılar üçün qürur nişanəsi oldu.

Hər il Şuşada keçirilən ənənəvi “Xarıbülbül” Musiqi Festivalı qədim mədəniyyət beşiyimizin dirçəlişini, xalqımızın birliyini və Zəfər sevincini nümayiş etdirir. Festival həm də Qarabağın zəngin musiqi irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xarıbülbül rəmzinin şəhidlərimizin xatirəsi və Vətənə bağlılıqla əlaqələndirilməsi onun mənəvi dəyərini daha da artırır.

Təbiətin Azərbaycan torpağına bəxş etdiyi bu nadir gözəllik – Xarıbülbül – dünənimizə ehtiramın, bu günümüzə qürurun, gələcəyimizə inamın ifadəsidir. O, xalqımızın yaddaşında Vətən sevgisinin, sədaqətin, həsrətin və Zəfərin əbədi simvolu kimi yaşayır.

Aytəkin Əliyeva 

Xatirə Muzeyinin kiçik elmi işçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: