Naxçıvan Dövlət Universiteti Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Azərbaycan Respublikasının xarici siyasət prioritetləri və beynəlxalq uğurları” mövzusunda konfrans keçirilib.
Konfransda Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də əldə etdiyi nailiyyətləri vurğulayıb.
Rektor Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü, diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə konfrans iştirakçılarını təbrik edib, ölkəmizə yeni-yeni diplomatik uğurlar arzulayıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli 2005-ci ilin 31 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi yaradılıb. Məqsəd Azərbaycan Respublikasının vahid xarici siyasi xəttinin, Xarici İşlər Nazirliyinin müvafiq vəzifə və funksiyalarının Naxçıvan Muxtar Respublikasında fasiləsiz və ardıcıl həyata keçirilməsini, eləcə də muxtar respublikanın iqtisadi, ticarət, elmi-texniki və mədəni münasibətlərinin genişlənməsini təmin etməkdən ibarətdir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası idarənin hamiliyinə verilib. Ötən dövr ərzində İdarə Universiteti bu ixtisasda təhsil alan tələbələrin nəzəri biliklərinin və təcrübələrinin artırılmasını diqqət mərkəzində saxlayıb, İdarə əməkdaşları tərəfindən Konsulluq xidməti, Dünya siyasəti, Diplomatik protokol və yazışmalar, Qloballaşma və miqrasiya fənlərinin tədrisi təmin edilib. 7 həftəlik istehsalat təcrübəsinə göndərilən tələbələrin nəzəri bilikləri yoxlanılıb.
Həmçinin Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində fəaliyyət göstərmiş əməkdaşlarla tələbələrin görüşləri təşkil olunub, onlar şöbələrin iş prosesinə cəlb ediliblər. 2015-2019-cu illərdə 48 diplomat və ya xarici nümayəndənin universitetdə görüş və mühazirələri baş tutub. Növbəti tədris ilindən etibarən qeyd edilən məsələlərlə yanaşı mütəmadi olaraq diplomatiya sahəsinə dair müxtəlif mövzular üzrə mühazirələrin oxunması, dəyirmi masaların təşkili və digər təlim xarakterli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Sonra Universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun, İdarənin Siyasi Məsələlər Şöbəsinin müdiri Nadir Cəfərovun və başqalarının əlaqədar mövzusunda çıxışları dinlənilib.
Səadət Əliyeva