Əziz dostumuz Muxtar Məmmədovun əziz xatirəsinə...

A- A A+

Həyat vəfasızdır deyirlər. Haçansa payız küləkləri əsir və qarşısına çıxan hər şeyi süpürüb aparır. Əcəl gözlənilməzdir, deyirlər. Qaşla göz arasındadır, onu görmək mümkün deyil. Bir də görürsən, haradasa qaranlıq çökür, ömrün nurunu zülmətə qərq edir.

Dünya gəlimli-gedimlidir. Ulu Dədə Qorqud da bu öyüdlə Oğuz övladlarına həyat dərsi verirdi: torpaq almamış, yer gizlətməmiş kamınızı alın, yaxşı ad qoyun.

Əcəl xəbəri də özü kimi gözlənilməz olur. Heç kim ölümə inanmaq istəmir, inana bilmir. O ki qala Muxtar Məmmədov kimi əziz bir dostun itkisinə...

Bu gün – 2026-cı il noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasından gələn acı xəbər qəfil küləklərin pəncərəyə çırpılması kimi ayrılığın, itkinin soyuq pərdələrini üzümüzə çırpdı.

Dünyaya gələn hər kəs bir gün bu dünyadan köçməlidir. Süleymana qalmayan dünya heç kimə qalası deyil. Bu, həyatın dəyişməz həqiqətidir. Amma 15 gün idi ki, doğmaları, əzizləri, dostları onun sağalıb yenidən ayağa qalxacağına ümidlə, intizarla baxırdılar. Amma... Ötən gecədən başlayan aramsız yağış sanki məşum bir xəbərin müjdəçisi kimi qara buludlardan süzülür, Muxtarın doğmalarının, əzizlərinin, dostlarının yanaqlarına göz yaşı kimi qonurdu.

Heç özü də inanmazdı ki, həyatın dolanbaclarında, döngə və dolaylarında onu gözləyən ölüm mələyi məhz bu gün, belə yağmurlu bir havada onu qanadlarına alıb aparacaq. Sabahına ümid bəslədiyi, hələ neçə-neçə arzusunun gerçəkləşəcəyinə inandığı, həyatın gözəlliklərindən doyunca kam almadığı bir vaxtda...

Muxtar nə olursa-olsun, şövqlə yaşamaq, başqalarını da buna ruhlandırmaq eşqi, bütün problemlərə və çətinliklərə baxmayaraq, həyatdan zövq almaq istedadı olan azsaylı insanlardan idi. Hər kəs kimi, onun da qayğıları, problemləri, çətinlikləri vardı. Amma bütün bunlar onun baxışlarındakı, çöhrəsindəki işığı, qəlbindəki səmimiyyəti qətiyyən azaltmırdı. Əksinə, o işıqdan ünsiyyətdə olduğu hər kəsə, bütün dostlarına pay düşürdü. Onun səmimiyyəti, həyata bağlılığı ətrafındakılarda sabahın daha gözəl olacağına sonsuz ümidlər yaradırdı.

Onu tanıyanlar, xüsusilə də biz dostları ürəyi həyat eşqi ilə döyünən, dostcanlı, istiqanlı bir insanı, əziz bir simsarımızı itirdik.

Yəqin ki, hələ uzun illər dost məclislərində gözlərimiz Muxtarı axtaracaq, ən səmimi söhbətlərimizdə, xoş xatirələrimizdə onun adı çəkiləcək. Yoxluğuna alışmaq çətin olsa da, xatirəsi daim qəlbimizdə yaşayacaq.

Allahdan əziz dostumuz Muxtar Məmmədova rəhmət diləyir, ailəsinə, yaxınlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı veririk.

Ruhu şad, məkanı cənnət olsun!

Hüseyn Əsgərov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: