AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə ilk parlamentli respublika” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan xalqının gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin çoxəsirlik dövlətçilik tariximizdəki yeri və rolundan danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin qısa fəaliyyəti dövründə bir çox çətinliklərə baxmayaraq tarixdə mühüm işlər həyata keçirdiyi qeyd olunub. Böyük çətinliklərlə, problemlərlə, müqavimətlərlə, manelərlə rastlaşan Azərbaycan Xalq Cümhuriyyəti xarici qüvvələrin təsirilə müvvəqəti olaraq süquta uğrasa da, lakin XX əsrdə Azərbaycan xalqının ikinci dəfə öz müstəqilliyini elan etdiyi bildirilib.
Konfransda Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncamlarının əhəmiyyəti, ümummilli liderin xalqımızın dövlətçilik tarixində parlaq rol oynayan Azərbaycan Xalq Cümhuriyyətinin, dövlət xadimlərinin fəaliyyətinə obyektiv və yüksək qiymət verdiyi, hazırda ölkə başçısı İlham Əliyev tərəfindən dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər aparıldığı diqqətə çatdırılıb. Azərbaycan dövlətinin həm daxili, həm xarici siyasətdə qazandığı uğurlardan söz açılıb.
Konfransda mövzu ilə bağlı çıxışlar dinlənilib.