Xatırlamaq... - FOTOLAR

A- A A+

Bəzən hər hansısa bir hadisə, eşitidiyin bir məlumat səni illər öncəyə aparır, yaddaşını təzələyir. Bu günlərdə əldə etdiyim bir məlumat 30 illik xatirələrimin altın-üstünə çevirdi. Sevindim, qürurlandım, fəxr etdim... Və düşündüm ki, yaxın keçmişimizdəki bəzi məqamları oxuculara xatırlatmaqda fayda var.

Nə isə, mətləbi çox uzatmadan keçirəm əsas məsələyə və uzun-uzadı da vaxtınız almaq niyyətim yoxdur. Artıq hər kəsə məlumdur ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin olunub. Naxçıvan elektrik enerjisinin ixrac potensialına malikdir. Naxçıvan Muxtar Respublikası Dövlət Eneretika Xidmətindən aldığım məlumatda isə qeyd olunur ki, aprel ayının 15-dən sonra muxtar respublikanın elektrik enerjisinə olan tələbatı 100 faizi bərpa olunan enerji mənbələri – su və günəş elektrik stansiyaları hesabına ödənilir.

Bəlkə də bugünkü nəsil bilməz. Lakin bizim uşaqlığımız ötən əsrin 90-cı illərinin əvvəllərinə - ən çətin dövrlərə təsadüf edib. İqtisadiyyatı çökmüş, işğal təhlükəsi ilə üzbəüz qalmış Azərbaycan ədabaz “rəhbərlərin” səriştəsizliyi ucbatından düşmüşdü qırx arşın quyunun dibinə. O illərin ən acı xatirələrindən biri də muxtar respublikada yaşanan enerji böhranı idi. Yəqin ki, Naxçıvanda elektrik enerjisinin növbə ilə verilməsini hamı yaxşı xatırlayır. Şəhərdə də, kəndə də sutka ərzində 8-10 saat, bəzən bundan da az elektrik enerjisi verilirdi. Mənzillərin "qızdırılmasından" tutmuş "işıqlandırılmasına" qədər bütün proseslər iki saatdan bir közərən elektrikin “öhdəsində idi”. Bu qədər yüklənmə qarşısında zağ-zağ əsən elektrik naqilləri, çoxdan ömrünü başa vurmuş transformator yarımstansiyaları isə “tab gətirməyib” tez-tez sıradan çıxırdı. Bəzən həftələrlə bir məhəllədə, kənddə işıq olmazdı. Şəhər yerlərində generator biznesi özünün “intibah” dövrünü yaşayırdı. Kəndlərdə də yeni “peşə sahələri” formalaşmışdı. Məsələn, "faza qoşanlar" və s...

Bəs necə oldu ki, Naxçıvan Muxtar Respublikası böhrandan çıxdı, enerji təhlükəsizliyi təmin olundu?

Birincisi ulu öndərimiz Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb fəaliyyət göstərməsi, mühüm qərarlar qəbul etməsi, xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı müstəqilliyimizi və dövlətçiliyimizi qorudu, möhkəmləndirdi, inkişafın əsası qoyuldu, xalqımız xoş günlərə qovuşdu.

İkincisi Ulu öndərin siyasi xəttinə sədaqət muxtar respublika əhalisində əminlik yaratdı ki, inkişafı üçün əslində heç bir bəhanə yoxdur. Sadəcə qarşıda duran vəzifələri real şəraitə uyğun gerçəkləşdirmək lazımdır. Qısa müddətdə iqtisadi inkişaf, sosial rifah, quruculuq paralel şəkildə bütün sahələrdə müasir infrastrukurun yaradılması ilə nəticələndi. Elektroenergetika sistemi də tamamilə yeniləndi. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında istifadəyə verilən elektrik stansiyaları nəinki əhali təlabatını ödəyir, hətta iqtisadiyyatın bütün sahələrinin, xüsusilə sənayenin inkişafına səbəb olub. Bu gün muxtar respublikada ümumi qoyuluş gücü 250 meqavata yaxın olan 5 su, 1 qaz turbin, 1 modul və 3 günəş elektrik stansiyası fəaliyyət göstərir. Gündəlik tələbatın yay və qış aylarında 40-100 meqavat arasında dəyişməsi onu deməyə əsas verir ki, mövcud elektroenergetika potensialı çox-çox uzaq perspektivə hesablanıb.

Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan illik tələbatının 60 faizindən çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bundan başqa ölkəmizdə günəş elektrik stansiyalarında istehsal olunan enerjinin 78 faizi muxtar respublikanın payına düşür. Naxçıvanın hidroenerji potensialından maksimum istifadə olunur. Hazırda Araz çayı üzərində yeni Ordubad Su Elektrik Stansiyası tikilir. Eyni zamanda Ordubad və Culfa rayonlarında külək elektrik stansiyalarının qurulması imkanları araşdırılır. Ən mühüm nailiyyətlərdən biri də Naxçıvanda elektrik stansiyalarını quran, bu sahənin işini bilən gənc mütəxəssislərin formalaşmasıdır.

Enerji təminatı Naxçıvanda ağacların qırılmasının da qarşısını alıb. Artıq muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardır.

Bu gün ulu öndərin siyasi xətti müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişaf, tərəqqi və sabitlik yoludur. Bu inkişafın fonunda qurulanların, yaradılanların qədrini bilmək, onlardan səmərəli istifadə etmək, gələcək nəsillər üçün qoruyub saxlamaq isə işin əsas tərəfidir. Sadəcə arada keçmişdəki çətin günləri xatırlamaq lazımdır ki, indiki xoş günümüzün qədrini daha yaxşı bilək...  

 

Ülvi Hüseynli

Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: