Vətən sevgisinin ədəbi abidəsi: “Səni necə tanıdım” kitabının təqdimatından düşüncələr - FOTOLAR
Vətən – yalnız sərhədləri xəritələrdə müəyyənləşən coğrafi bir məkan deyil; o, uğrunda canından keçən igidlərin müqəddəs qanı ilə suvarılan, anaların göz yaşı, qəhrəmanların əbədi nəfəsi ilə ucalan bir qibləgahdır. Bu müqəddəs torpağı bizə əmanət edən şəhidlərimizin ömür yolunu gələcək nəsillərə ötürmək isə sadəcə vəzifə deyil, Vətən qarşısında ən ali vicdan və sədaqət borcudur.
12 noyabr 2026-cı il tarixində Naxçıvanda məhz bu müqəddəs duyğuların – Vətən eşqinin və şəhidə ehtiramın təntənəsinə çevrilən əlamətdar və duyğulu bir mərasim baş tutdu. “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin tərəfdaşlığı ilə “Səni necə tanıdım” kitabının təqdimatı keçirildi. Zalda əyləşən şəhid ailələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, ziyalılar, müəllimlər və gənc tələbələr sanki Vətən sevgisi adlı tək bir ürək kimi döyünürdülər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
11-i qardaş Türkiyə Respublikasından olmaqla, ümumilikdə 60 müəllifin 60 şəhid haqqında qələmə aldığı hekayələri bir araya gətirən bu nəşr iki qardaş xalqın ortaq yaddaşının və sarsılmaz birliyinin ədəbi abidəsidir. Kitabın bütün maliyyə yükünü öz üzərlərinə götürərək nəşri öz vəsaitləri hesabına ərsəyə gətirən layihə rəhbərləri İlhamə və Namiq Müslümovların bu təmənnasız fədakarlığı xüsusi təqdirə və dərin minnətdarlığa layiqdir. Azərbaycan ədəbiyyatının və elminin dəyərli nümayəndələrindən ibarət redaksiya heyətinin zəhməti ilə işıq üzü görən bu kitabın hər bir müəllifi üzərinə böyük bir yük götürmüşdü. Şəhidlərdən yazmaq heç də asan deyil; bu yola çıxan hər bir qələm sahibi sadəcə bir həyat hekayəsi yazmadı, həm də bir ömrün, yarımçıq qalmış bir taleyin mənəvi məsuliyyətini çiyinlərində daşıdı.
Tədbirdə səslənən hər bir çıxış Vətənə bağlılığın, milli ruhun nə qədər uca olduğunu bir daha nümayiş etdirdi. Ev sahibi kimi Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanovun şəhidlərimizin qəhrəmanlıq yolunun ədəbi nümunələr vasitəsilə gələcək nəsillərə çatdırılmasının gənclərin tərbiyəsindəki əvəzsiz rolundan danışması mərasimə xüsusi məna qatdı. Kitabda yer alan bütün şəhidlərimizin və müəlliflərin fotolarını əks etdirən, qəhrəmanlarımızın rəşadətinə həsr olunmuş “Səni necə tanıdım” şeirinin sədaları altında hazırlanmış videoçarx zalda kövrək və qürurverici anlar yaşatdı. Daha sonra Türkiyənin Naxçıvandakı Baş konsulunun müavini Ayşe Şengül Yıldırımın iki qardaş ölkə arasındakı tarixi bağları və ortaq mənəvi dəyərləri vurğulaması məclisdəki birliyi və Vətən sevgisini daha da gücləndirdi.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi, şəhid qardaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədovun, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigarın, eləcə də şəhid leytenant Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfovun çıxışlarında isə bir həqiqət xüsusi qabardıldı: Vətənə xidmət ən böyük şərəf, şəhidlərin xatirəsini yaşatmaq isə milli varlığımızın təminatıdır.
Bu müqəddəs missiyanın bir parçası olmaq mənim üçün həm böyük qürur, həm də mənəvi məsuliyyət idi. Kitabda yer alan “Rəşadətli oğlum” hekayəsində şəhid leytenant Emin Sadiqovun Vətənə olan sonsuz sevgisini və şərəfli döyüş yolunu qələmə almağa çalışdım. Təqdimat zamanı şəhid leytenant Emin Sadiqovun anası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmovanın övladlarımızın xatirəsinin yaşadılmasının şəhid ailələri üçün nə qədər böyük mənəvi dayaq olduğunu dilə gətirməsi məni və digər müəllifləri dərindən duyğulandırdı. Çünki söz bəzən bir ananın yaralı qəlbinə məlhəm, bir millətin isə yaddaş çırağı ola bilir.
Tədbirdə digər müəlliflərin – Turan Yazarlar Birliyinin üzvü, Naxçıvan təmsilçisi, şair-publisist Kirman Rüstəmlinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Rəqsanə Tapdıqlının, eləcə də mənim çıxışımda bu ağır və şərəfli mənəvi məsuliyyətdən, müəlliflərin üzərinə düşən tarixi missiyadan bəhs olundu. Çıxışlarımızda vurğuladıq ki, şəhidlərimizin misilsiz qəhrəmanlıqları ilə yanaşı, onların döyüş yoldaşlarının, yaxınlarının və ailələrinin ömür boyu daşıdıqları o müqəddəs ağrını da unutmamalıyıq.
Mərasimdə aktyor və qiraətçi Nəsimi Məmmədzadənin böyük Vətən sevgisi və milli ruhla səsləndirdiyi “Azərbaycan” şeiri zalda əyləşənlərin vətənpərvərlik duyğularını daha da qabartdı, hər kəsə təsirli anlar yaşatdı. Tədbirin sonunda nümayiş etdirilən “Şəhidə məktub” videoçarxı, kitabların şəhid ailələrinə, qəhrəmanlarımızın vaxtilə təhsil aldıqları məktəblərə, kitabxanalara və dövlət orqanlarının nümayəndələrinə hədiyyə olunması Vətən eşqinin və milli birliyimizin ən gözəl tablosunu yaratdı. Mərasim iştirakçılarının birgə xatirə fotosu çəkdirməsi ilə tədbir yekunlaşdı.
Bu möhtəşəm mənzərə bir daha təsdiq etdi ki, dövlətimizin bu gün əldə etdiyi nailiyyətlərin təməlində məhz bu milli həmrəylik dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında da vurğulandığı kimi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonrakı yeni inkişaf mərhələsində milli birliyimizin qorunması və ideoloji işin gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Biz bu tarixi Zəfəri məhz şəhidlərimizin misilsiz cəsarəti, qanı-canı və xalqımızın sarsılmaz birliyi hesabına qazanmışıq. Dövlətin qüdrəti də, millətin yenilməzliyi də onun vahid amal ətrafında birləşməsindədir. Bu gün hər bir azərbaycanlının – ziyalının, müəllimin, qələm sahibinin və gəncin ən ali amalı Vətənə fayda vermək, müstəqil dövlətimizin tərəqqisinə töhfə göstərmək olmalıdır. Çünki böyük şairimiz Məmməd Arazın dediyi kimi, "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı".
Məhz bu baxımdan, “Səni necə tanıdım” kimi nəşrlər təkcə xatirə kitabı deyil, həm də azərbaycançılıq ideologiyasının təbliğinə, milli yaddaşımızın diri saxlanılmasına və iki qardaş ölkənin mənəvi birliyinə xidmət edən mühüm ideoloji vasitədir. Şəhidlərimizin qəhrəmanlıq salnaməsini yaşadan belə layihələrin sayı daha da artmalı, cəmiyyətin bütün təbəqələri bu müqəddəs işə öz töhfəsini verməlidir. Nə qədər ki, bu torpaqda Vətən deyib çarpan ürəklər və qəhrəmanlarımızı əbədiləşdirən qələmlər var, şəhidlərimizin əziz xatirəsi gələcək nəsillərin yoluna daim işıq salacaq.
Məftunə Nur (Hüseynbəyli)
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hüquqşünası