“İntellektual Oyunlar Olimpiadası”nın Naxçıvan Muxtar Respublika birinciliyi yekunlaşıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Gənclik Mərkəzi”ndə “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında “İntellektual Oyunlar Olimpiadası”nın Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Olimpiadada 100-ə yaxın yeniyetmə iştirak edib.
Muxtar respublikanın bütün şəhər və rayonlarında keçirilmiş olimpiadada qalib olan komandalar Naxçıvan Muxtar Respublika birinciliyində iştirak etmək hüququ qazanıblar. Olimpiada çərçivəsində yarışlar “Xəmsə” Milli İntellektual Oyunu, “Poliqon” Strateji İntellekt Oyunu və “Vətəni tanı” İntellektual Oyunu üzrə vahid turnir şəkilində keçirilib. “Xəmsə” Milli İntellektual Oyununun yekun nəticələrinə görə Ordubad rayonunun “Şahinlər” komandası I, Babək rayonunun “Nəsimi” komandası II, Şərur rayonunun “Günnüt” komandası III yerə çıxıblar.
“Poliqon” Strateji İntellekt Oyununda səsləndirilən 24 sualdan daha çoxuna cavab verən Culfa rayonunun “Qələbə” komandası I, Ordubad rayonunun “Araz” komandası II, Naxçıvan şəhərinin “Mübariz” komandası III yerə çıxıblar.
“Vətəni tanı” İntellektual Oyununda Azərbaycan Respublikasının pazl şəklində olan xəritəsini daha tez və tam olaraq quran Naxçıvan şəhərinin “Azimut” komandası I, Culfa rayonunun “Mübariz” komandası II, Ordubad rayonunun “Zirvə” komandası III yerə çıxıblar.
Sonda qalib komandalara Gənclər və İdman Nazirliyi tərəfindən kubok və diplomlar, komanda üzvlərinə isə fəxri fərmanlar təqdim olunub.
Birincilik Gənclər və İdman Nazirliyinin, Təhsil Naziliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.