Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan maarifləndirmə işlərinə baxmayaraq, azyaşlıların nəzarətsiz qalması nəticəsində həyat və sağlamlıqları üçün təhlükəli hallar hələ də qeydə alınır.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə uşaqların köməksiz vəziyyətdə qalması ilə bağlı mütəmadi müraciətlər daxil olur. Xilasetmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində təkcə son 15 gün ərzində 32 uşaq xilas edilərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verilib.
Aparılan təhlillər göstərir ki, bu cür hadisələr əsasən uşaqların valideynləri tərəfindən mənzildə tək və nəzarətsiz qoyulması səbəbindən baş verir. Mənzillərdə elektrik və qaz cihazları, açıq eyvan və pəncərələr, aşma və ya düşmə təhlükəsi olan ağır əşyalar, kimyəvi maddələr, kəsici alətlər və digər təhlükə mənbələri azyaşlıların həyat və sağlamlığı üçün ciddi risk yaradır. Bundan başqa, uşaqların liftdə, həyətdə, küçədə və avtomobildə tək buraxılması da arzuolunmaz nəticələrə yol aça bilər. FHN bir daha valideynləri övladlarına qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır.
