Teleqraf sorağında - FOTOLAR
1918-ci il mayın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski teleqrafla bütün dünyaya Azərbaycanın müstəqil dövlət olduğunu elan etdi. Müstəqilliyin ömrü 2 il olsa da, 70 il sonra yenidən qazanıldı. Və 101 il sonra qüdrətli Azərbaycanda böyük təntənə ilə qeyd edilir.
Böyük fransız yazıçısı Viktor Hüqo yazırdı ki, "Dünyanın heç bir ordusu vaxtı çatmış ideyanın gücü qarşısında duruş gətirə bilməz".
Ötən əsrin əvvəllərində də müstəqillik, azadlıq, vətən eşqi cümhuriyyət mütəfəkkirlərinin qanına, ruhuna, əqidəsinə, əməllərinə hopmuşdu. Vətənpərvərlik təfəkkürdə, anlayışda, şüarlarda deyil, real işdə və fəaliyyətdə təzahür edirdi. Onlar Vətən uğrunda ölümü həyatın davamı bilirdilər. Çünki xalqımız 1918-ci ildə təkcə müstəqilliyə qovuşmamışdı, həm də min illik dövlətçiliyimizi, milli kimliyimizi bərpa etmişdi.
Adətən Vətən anlayışı insanın ruhuna, qanına hakim kəsilərkən belə olur. Onun qarşısında heç bir qüvvə dözüm, tab gətirə bilmir. Məhz elə ona görədir ki, ən böyük hünər və qəhrəmanlıqlar da Vətən naminə, Vətən uğrunda edilib. 101 il bundan əvvəl də belə oldu. Xalqımızın hünər və cəsarəti bütün sədləri aşaraq, bütün çətinliklərə sinə gərərək Azərbaycanın müstəqil ölkə olduğunu bütün dünyaya car çəkdi, üçrəngli bayrağımız mavi səmanın ənginliklərinə yüksəldi.
Xalqa mücərrəd ideyalar deyil, aydın və gerçək həqiqətlər lazımdır. Həqiqət isə ondan ibarətdir ki, bu gün Azərbaycanda istiqlalımızın, müstəqilliyimizin, dövlətçiliyimizin BAYRAM GÜNÜDÜR.
101 yaşını qeyd edən müstəqil Azərbaycanın qədim və ulu torpağı Naxçıvanda müstəqilliyimizlə, dövlətçiliyimizlə bağlı bayramların başqa bir büsatı olur. Bu bəlkə də Naxçıvanın Azərbaycanın məhz müstəqillik, dövlətçilik mərkəzi kimi xalqımızın tarixində özünə əbədi yer etməsi ilə bağlıdır.
101 il bundan əvvəl dünyaya Azərbaycanın müstəqillik toxumları səpildi. 70 il sonra bu müstəqillik toxumları ulu öndərimiz Heydər Əliyevin dühası ilə Naxçıvanda göyərdi. Torpağına kök ataraq böyüdü, göylərə yüksəldi, suyundan içərək, havasında udaraq qollu-budaqlı, kölgəsində 50 milyondan artıq xalqı birləşdirən böyük bir çinara çevrildi. Bayrağımız bir daha enməmək üçün ənginliklərdə özünə əbədi yer etdi.
Bu gün dünyada sabitliyin, inkişafın və yüksək rifahın rəmzinə çevrilən qüdrətli Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisi, ulu öndərimiz Heydər Əliyevin əsəri, Onun yolunu müasir dövrün çağırışlarına uyğun davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasi xəttinin təntənəsidir. 101 il bundan əvvəl Şərqdə demokratik dövlət və cəmiyyət quruculuğunun nümunəsini yaradan Azərbaycan bu gün dünyaya sülhün, sabitliyin, inkişafın, yüksək rifahın və bütün bunların təminatçısı olan güclü dövlətçilik modelini təqdim edir. Ölkəmizdə atılan hər bir addım, qəbul edilən hər bir qərar konkret hədəfə - Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, xalqımızın daha yaxşı və təhlükəsiz yaşamasına, dünyanın iqtisadi, siyasi və mədəni mərkəzinə çevrilən ölkəmizin nüfuzunun daha da artmasına hesablanıb.
Naxçıvan Muxtar Respublikası da bu gün ulu öndərimizin yandırdığı müstəqillik məşəlinin işığında qurulur, müasirləşir, abadlaşır, inkişaf edir.
Deyirlər xalqın iradəsindən ali iradə ola bilməz. Azərbaycan xalqının iradəsi, seçimi də ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqillik, dövlətçilik və vətənçilik yoludur. Bu yol inkişafın, tərəqqinin, sabitliyin, rifahın yoludur. Bu yol bizim QƏLƏBƏ və ZƏFƏR YOLUMUZDUR.
Amalımız, yolumuz daim açıq olsun!
Torpağımızla yoğrulan, Bayrağımızla yüksələn, Himnimizlə bəstələnən İSTİQLALIMIZ, CÜMHURİYYƏTİMİZ, MÜSTƏQİLLİYİMİZ, DÖVLƏTÇİLİYİMİZ mübarək olsun!
YAŞASIN MÜSTƏQİL VƏ QÜDRƏTLİ AZƏRBAYCAN!
Ülvi Hüseynli
Jurnalist