Uşaqları Beynəlxalq Müdafiə Günü Babəkdə qeyd edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Babək rayonunda tədbir keçirilib.
Babək rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov və Komitənin sədri Ramilə Seyidova çıxış edərək bu gün muxtar respublikada, o cümlədən Babək rayonunda uşaqların hüquq və sağlamlıqlarının qorunması, təhsili, təlim-tərbiyəsi istiqamətində görülən işləri qeyd ediblər. Bildirilib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də diqqət mərkəzində saxlanılıb.
Sonra 2017-2018-ci tədris ilində Babək rayonu üzrə təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən 15 uşağa fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində Babək rayon Mədəniyyət Sarayının, Babək Qəsəbə Uşaq Bağçasının, Babək rayon Uşaq Musiqi məktəbinin, Cəhri, Şıxmahmud, Zeynəddin, Nehrəm kənd Uşaq Musiqi məktəblərinin şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.