Naxçıvanda keçirilən taktiki–xüsusi təlim uğurla başa çatıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyəti Cəmiyyətinin Culfa qovşağında “Dəmiryol obyektlərində və qatarlarda ehtimal olunan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda keçirilən taktiki–xüsusi təlim uğurla başa çatıb.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd “Naxçıvan Dəmir Yolları” MMC-nin sülh və müharibə dövrləri üçün mülki müdafiə planının reallığını yoxlamaq, dəmiryol obyektlərində və qatarlarda fövqəladə hallar zamanı yarana biləcək vəziyyətin qiymətləndirilməsi, qərarın qəbulu üzrə idarəetmə orqanlarının reaksiyavermə qabiliyyətinin artırılması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunan müxtəlif qurumların uzlaşmış fəaliyyətini təşkil etməkdir.
Taktiki-xüsusi təlim plana uyğun olaraq iki mərhələdə həyata keçirilib.
Birinci mərhələdə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyəti Cəmiyyəti və Culfa qovşağının rəhbər, komandir-rəis heyətinin fövqəladə hallar zamanı yanğınların söndürülməsi, xilasetmə işlərinin aparılması, zərərçəkənlərə həkiməqədərki tibbi yardımın göstərilməsi, təxliyə tədbirlərinin yerinə yetirilməsi üzrə idarəetmə bacarığı təkmilləşdirilib, Culfa dəmiryol qovşağının fövqəladə hallarda fəaliyyət planının reallığı yoxlanılıb. Eyni zamanda şərti şərait üzrə yük-sərnişin qatarında baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üzrə 11 saylı Culfa yanğın qatarının, Təhlükəsizlik İdarəsinin 12 saylı təhlükəsizlik komandasının, Culfa qovşağının obyekt mülki müdafiə qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin Culfa və Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin yanğından mühafizə bölmələrinin, Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə bölmələrinin, Culfa Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadalarının “Həyəcan” siqnalı ilə qaldırılması, fövqəladə hadisə rayonuna göndərilməsi, mülki müdafiə qüvvələrinin şəxsi heyətinə tapşırıqların qoyulması kimi məsələlərə baxılıb.
İkinci mərhələ isə “Dəmiryol obyektlərində və yük-sərnişin qatarlarında baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması” mövzusunda keçirilib.
Bu mərhələnin ilk tapşırığı dəmir yolunun Salamməlik-Vəlidağ yol sahəsinin Yaycı-Culfa mənzili istiqamətində hərəkət edən yük-sərnişin qatarında yanğının baş verməsi, vaqonlarda olan sərnişinlərin həyat və sağlamlığının ciddi təhlükə altında qalması ilə bağlı qatar maşinistinin məlumatı ilə başlayıb. Qatarda yanğının qarşısının alınması və söndürülməsinə 11 saylı Culfa yanğın qatarı, Culfa və Ordubar Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin yanğından mühafizə bölmələri, xilasetmə işlərinin aparılmasına Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə bölmələri, təcili tibbi yardımın göstərilməsinə isə Culfa Rayon Mərkəzi Xəstəxanasının təcili yardım briqadaları cəlb olunub. Ayrı-ayrı təlim yerlərində qüvvələr arasında qarşılıqlı əlaqə yaradılıb və qarşıya qoyulmuş tapşırıqların icrası təmin edilib.
İkinci mərhələnin növbəti tapşırığı isə Culfa dəmiryol qovşağının “Park-V” ərazisində üçmərtəbəli binada baş vermiş yanğının söndürülməsi, xilasetmə işlərinin aparılması, zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi və stasionar müalicə ocaqlarına göndərilməsi üzrə tapşırıqların yerinə yetirməsi həyata keçirilib. Bu təlim yerində əsas diqqət yanğının söndürülməsinə cəlb olunan yanğından mühafizə bölmələrinin, yanğın qatarının birgə fəaliyyətinin təşkilinə, yanğınsöndürənlərin xilasetmə işlərinə cəlb olunmasına, xilasedicilər tərəfindən müxtəlif xilasetmə üsullarından istifadə etməklə yüksək mərtəbədən zərərçəkənlərin xilas edilməsinə, xüsusi təyinatlı itlərin köməyi ilə axtarış-xilasetmə işlərinin aparılmasına, xəsarət alanlara ilk tibbi və həkiməqədərki yardımın göstərilməsinə, ərazidə dezinfeksiya işlərinin aparılmasına, fövqəladə hal zonasının çəpərlənməsinə yönəldilib. Bu işlərin həyata keçirilməsinə cəlb olunan qüvvələrin çevikliyi, cəldliyi, xilasedicilərin, yanğınsöndürənlərin və tibbi briqadaların peşəkarlığı sayəsində şərti baş vermiş yanğının vaxtında qarşısının alınması və söndürülməsinə, həyat və sağlamlığı təhlükə altında qalan işçilərin xilas edilməsinə və xəsarət alanlara tibbi yardımın göstərilməsinə nail olunub.
Təlimdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Nazirliyinin 42 nəfərdən ibarət yanğından mühafizə bölmələri, 3 yanğınsöndürmə avtomobili, 1 yanğın avtonərdivanı, 25 nəfərdən ibarət xilasetmə qrupları, 2 qəza-xilasetmə avtomobili, 1 xilasedici motosiklet, 2 ədəd digər təyinatlı texnika, “Naxçıvan Dəmir Yolları” MMC-nin 99 nəfər şəxsi heyətı, Culfa yanğın qatarı, yük-sərnişin qatarı, 1 ədəd drezin, Culfa Rayon Mərkəzi Xəstəxanasının 16 nəfərdən ibarət təcili tibbi yardım briqadaları, 2 ədəd təcili yardım avtomobili, Culfa rayon Gigiyena və Epidemiologiya Mərkəzinin isə 11 nəfər şəxsi heyəti iştirak edib.
Təlim uğurla başa çatdırılıb, təhlükəsizlik qaydalarına ciddi əməl olunub və qarşıya qoyulmuş bütün vəzifələr müvəffəqiyyətlə icra edilib.