Azərbaycan gəncliyinə müraciət..

A- A A+

“Azərbaycan gənci! Bu gün sənin gənc cümhuriyyətinin bir yaşı tamam olur. Kim bilir, tarix ilahinin tövfiqilə qaç, bəlkə yüzlər, minlərcə sənələr sən bugünkü gündə bayrağını götürüb səmimi bir sevinc, haqlı bir vüqar ilə istiqlal aldığın bu günü xatırlayacaqsan!..

Gəl yoldaş! Bu ilk bayram sonra gələcək məsud bayramlara bənzəməz, bu bayram sənə sevincdən ziyadə vəzifə gətirir. Gəl, bu ağır tarix imtahanlarını ver. Qazandığın həqqə sözəvar olduğunu isbat et, bakalım bir vətəndaş adlanmağa layiqsənmi?”

Cümhuriyyət hökumətinin xaricə göndərdiyi tələbələrdən biri, şair, 8 dildə danışmağı və yazmağı bacaran görkəmli mütəfəkkir, repressiya qurbanı Əli Yusifzadənin Azərbaycan gəncinə 28 may, 1919-cu ildə ünvanlandığı bu müraciətdən 100 il ötür..

Bu 100 il müddətində Azərbaycan gənci ona əmanət edilən vətəni müdafiə etmək üçün həm şəhid oldu, həm qazi. Kimisi müharibə meydanında, kimisi siyasət meydanında “döyüşdü”. Təhsil aldı, istedadını inkişaf etdirdi, vətənini dünyada tanıtdı. Min bir çətinliyə qalib gəldi. 70 illik əsarətə son qoyaraq, yenidən müstəqil oldu. Ona güvənən, inanan və dəstək olan Ümummilli liderinin arxasınca gedərək daha da gücləndi, bir oldu, birlik oldu.  Və nəhayət.. “Vətəndaş” adlanmağa layiq olduğunu sübut etdi!

“Azərbaycan gənci! İftixar et, qardaşım, Oğuz xan nəsli arasında birinci olaraq ən mədədi üsuli-idarəyə-cümhuriyyət üsuluna nail olan yenə sənsən.
Yarınki səadət, yaxud fəlakət, hər ikisi sənin əlindədir. Sən istərsən vətənini bir məhdi-mədəniyyət, bir kəbəyi-səadət edə bilərsən. İstərsən onu bayquşlar məskəni, dirilər mədfəni də yapa bilərsən. Deməli, gələcək nəsillərin də taleyinin yaradıcısı sənsən. “

Vətənpərvər gənclik, yaradıcı gənclik, öz taleyinin, gələcək nəsillərin taleyinin sahibi gənclik! Bu gün yəqin ki, müasir Azərbaycan gəncliyini məhz bu sözlərlə ifadə etmək olar. Keçmişinə, milli kimliyinə, vətəninə bağlı bu gənclik müasir dünya gəncliyi arasında layiqli yerini tutub. Qəhrəmanlığı, biliyi, istedadı, bacarığı ilə adını dünyaya tanıdıb, qazandığı uğurlarla beynəlxalq arenalarda himnimizi qürurla səsləndirib. Üç rəngli, ay ulduzlu bayrağı çiyinlərində iftixarla daşıyıb, onu ən uca zirvələrə qaldırıb.

“Gəl, vətəndaş! Bu gün sənin birinci intibahının timsalı olan İsmailiyyənin xərabəsi qarşısına çıxmalı. Əlini qəlbinin üstünə qoyaraq gözlərini parlaman binası üzərində rüzgarlarla qəhrəmanca çarpışan bayrağına dikməli, bir daha onun enməyəcəyinə əhd etməlisən və and içməlisən ki, bu gün qazandığın istiqlala təcavüz əli uzadanlar ancaq sənin cəsədin üstündən keçə bilərlər.”

Vətəndaş adını layiqincə daşıyan müasir Azərbaycan gəncliyi hər şeyə qadirdir. Bu gənclik güclüdür, mənəviyyatlıdır, istedadlı, vətənpərvərdir. Damarında Cavanşirin, Babəkin qanını daşıyan bu gənclik vətənini müdafiə uğrunda hər şeyə hazırdır. Bugünkü  gənclik 100 il öncəki gənclikdən çox fərqli-daha güclü, daha bilikli, birlikdir. Müstəqilliyini qorumağa daha çox qadirdir. Aprel döyüşlərində, Günnüt əməliyyatında bu gənclik nəyə qadir olduğunu, öz gücünü, liderinin ətrafında yaratdığı sıx birliyini bir daha sübut etdi.

Əsgər, tələbə, alim, usta, həkim, rəssam.. gənclik! 100 il əvvəl sənə müraciət edən, bu vətəni sənə əmanət edənlər bu gün səninlə qürur duyur!  Bu vətən, bu millət səninlə qürur duyur! Sənə ən uca zirvələr yaraşır! Keçmişini, kim olduğunu, amalını unutmadan, sənə olan bugünkü etimadı, inamı doğrultmaq üçün yalnız irəli!..

 

 Səriyyə Alməmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: