NUHÇIXAN xəbər verir ki, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun təbriki şəxsi heyətə çatdırılıb.
Hərbi hissənin zabiti, kapitan Orxan Seyidov Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində gördüyü işlərdən danışıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi Yaşar Rəhimov qeyd edib ki, bu gün 101 illiyini qeyd etdiyimiz, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin baniləri istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik və dövlətçilik ənənələrini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.
Vurğulanıb ki, XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğunun, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider tərəfindən işlənib hazırlanmış mükəmməl siyasi islahatlar strategiyası müstəqil Azərbaycanın dünyanın aparıcı dövlətləri arasında nüfuzunun yüksəlməsinə zəmin yaradıb.
Sonda Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən slayd və videomaterial nümayiş olunub.
Turab Hacızadə