Vətəndaşlar arterial hipertenziya ilə bağlı 26 adda dərman preaparatını icbari tibbi sığorta hesabına əldə edəcəklər
Vətəndaşlar ambulator şəraitdə onlara resept əsasında yazılan dərman preparatlarını öz vəsaiti hesabına əldə edirlər. Lakin 2027- ci ilin aprel ayından etibarən əvvəlcə daha təxirəsalınmaz xəstəliklər üzrə olan arterial hipertenziya, yəni arterial qan təzyiqini tənzimləyən və bunun müalicəsini həyata keçirən, dəstəkləyən dərman preparatlarını 26 adda xidmətlər zərfi hesabına təqdim etməyi planlayırıq.
NUHÇIXAN xəbər verir ki, bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Dövlət-Biznes Əməkdaşlığı Forumunda "Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri" adlı panel sessiyada çıxış edərkən deyib.
"Vətəndaşlar ambulator şəraitdə də artıq icbari tibbi sığorta hesabına cibindən vəsait ödəmədən həmin dərman preparatlarını əldə etmək imkanına malik olacaqlar. Dövlət-biznes əməkdaşlığı müstəvisində özəl təşkilatlar, apteklər bu dərman preparatlarının təminatı üçün Agentliyimiz tərəfindən sistemə qoşulacaq. Apteklərin də müvafiq elektron alt sistem, rəqəmsal sistemlərə qoşulması ilə əlaqədar texniki tapşırıqlar hazırlanıb və Agentliyimiz tərəfindən aidiyyatı üzrə Səhiyyə Nazirliyinə və digər qurumlara göndərilib".
