Şərurda Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur Rayon İcra Hakimiyyətində kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində keçirilən görüşdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi İnformasiya Sistemləri və Layihələrin İdarə Edilməsi Mərkəzinin direktoru, Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış Torpaq və suvarma qrupunun rəhbəri Firidun Tağıyev, eləcə də Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov iştirak ediblər.

Görüşdə Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin Şərur rayonunda icra vəziyyəti, rayonun aqrar potensialının genişləndirilməsi, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması məsələləri müzakirə olunub.

Aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlər, onların həlli yolları və bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti təsərrüfat subyektlərinə baş çəkərək görülən işlərlə yerində tanış olub. Quşçuluq, bağçılıq, balıqçılıq və istixana təsərrüfatlarında aparılan fəaliyyətə baxış keçirilib, sahibkarların qarşılaşdıqları çətinliklər dinlənilib.

Təsərrüfat sahiblərinə Dövlət Proqramının məqsəd və vəzifələri, aqrar sahəyə tətbiq olunan subsidiya mexanizmləri və dövlət dəstəyi imkanları barədə ətraflı məlumat verilib. Həmçinin istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması, müasir aqrotexniki üsulların tətbiqi və yeni istehsal sahələrinin yaradılması ilə bağlı tövsiyələr səsləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: