28 May - Respublika Günü münasibətilə təşkil edilən tədbirdə institutun rektoru Elbrus İsayev “1918-ci ilin 28 mayından başlayan respublika tariximizin şanlı səhifələri” mövzusunda məruzə ilə çıxış edib.
NUHÇIXAN xəbər verir ki, rektor 1918-ci il mayın 28-i tarixinin qədim dövlətçilik tariximizdə xüsusi yerə malik olduğunu vurğulayıb. Məruzəçi bildirib ki, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay kimi qısa bir müddətdə böyük nailiyyətlər əldə edib. Cümhuriyyət ilk dəfə qadınlara seçim hüququ verib və qadın-kişi bərabərliyini təmin edib, milli ordu yaradıb, azad seçkilər keçirib, beynəlxalq əlaqələrini genişləndirib, ərazi bütövlüyünün təmin olunması istiqamətində ciddi tədbirlər həyata keçirib. Cümhuriyyət süquta uğradıqdan sonra xalqın istiqlal ideyası puç olmayıb və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cahanşümul fəaliyyəti nəticəsində yenidən bərpa olunmuş müstəqilliyin əbədiləşdirilməsi istiqamətində tarixi nailiyyətlər əldə edilib, Xalq Cümhuriyyətinin ənənələri əsas tutularaq müstəqil Azərbaycan dövləti yaradılıb.
Elbrus İsayev deyib: “Ulu Öndərimizin rəhbərliyi altında müstəqil respublikamız mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacarıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür”.
Tədbirin ikinci hissəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Son iclas” bədii-sənədli filminə kollektiv baxış olub. Məlum olduğu kimi, təqdimatı 2018-ci il mayın 25-də Heydər Əliyev Mərkəzində olmuş bu ekran əsəri qısa müddətdə böyük tamaşaçı auditoriyası toplayıb. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və demokratik respublikanın parlamentinin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.