“Şərq qapısı” qəzetinin 105 illik yubileyi qeyd edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin redaksiyasında nəşrin 105 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə qəzetin yaranma tarixindən, zəngin inkişaf yolundan, Naxçıvanın ictimai-siyasi və mədəni həyatında oynadığı mühüm roldan bəhs olunub.
Bildirilib ki, 1921-ci ildə fəaliyyətə başlayan “Şərq qapısı” ötən 105 il ərzində müxtəlif tarixi mərhələlərin, ictimai-siyasi proseslərin və quruculuq salnaməsinin güzgüsü olub. Nəşr bütün dövrlərdə öz missiyasına sadiq qalaraq Naxçıvanın tarixinin, mədəniyyətinin, iqtisadiyyatının, elminin və ictimai həyatının işıqlandırılmasında mühüm rol oynayıb. Eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasına, ana dilinin inkişafına və maarifçilik ənənələrinin yaşadılmasına xidmət edib.
Qeyd olunub ki, qəzet bu gün də zəngin ənənələrini yaşadaraq müasir jurnalistikanın tələblərinə uyğun fəaliyyətini davam etdirir, Naxçıvanda baş verən yenilikləri çap nəşri, rəsmi internet saytı və sosial media hesabları vasitəsilə geniş oxucu auditoriyasına çatdırır.
Tədbirin sonunda səmərəli fəaliyyəti və peşəkar əməyi ilə fərqlənən bir qrup əməkdaşa Fəxri Fərman və təşəkkürnamələr təqdim olunub.
105 illik yol – tarixə çevrilən söz, yaşadılan ənənə və gələcəyə ünvanlanan məsuliyyət deməkdir. “Şərq qapısı” bundan sonra da öz missiyasına sadiq qalaraq cəmiyyətin informasiya ehtiyaclarının ödənilməsinə, milli mətbuat ənənələrinin inkişafına xidmət edəcək.