Naxçıvan Muxtar Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə ötən illər ərzində aparılan köklü islahatlar bu sahənin sürətli inkişafına şərait yaradıb, bir çox dövlət proqramları qəbul edilərək uğurla icra olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planı muxtar respublikada aqrar sahənin inkişafına öz töhfəsini verməkdədir.
Aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar bu sahənin inkişafını stimullaşdırıb, istehlak bazarının sabitləşməsinə nail olunub, son illərdə dövlət maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 276 heyvandarlıq, 85quşçuluq, 14 balıqçılıq, 114 arıçılıq, 66 bağçılıq, 8 üzümçülük təsərrüfatının yaradılması muxtar respublikada ailə təsərrüfatlarının inkişafına, daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına geniş imkanlar açıb.
Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolunu nəzərə alaraq muxtar respublikamızda da onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilir. Belə ki, ötən dövr ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 20 heyvandarlıq, quşçuluq, 9 arıçılıq təsərrüfatı və 4 layihə üzrə meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, yabanı növ bitkilərin tədarükü, qablaşdırılması və süd emalı sahəsinin yaradılması məqsədilə 37 ailə təsərrüfatına 604 min manatdan çox dövlət maliyyə dəstəyinin göstərilməsi, təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə stimul olub, ailə təsərrüfatlarından bir hissəsinin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə şərait yaradıb.
Ötən müddət ərzində ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması kimi işlər həyata keçirilib. “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatlarının taralarla təchiz olunması məqsədilə Naxçıvan Biznes Mərkəzinin nəzdində taraların satışı mağazası istifadəyə verilib, 225 ailə təsərrüfatı 9 mindən çox tara ilə təmin olunub.
Keyfiyyət amili istehsalın mühüm şərtidir. Bu məsələyə diqqət yetirilməsi ailə təsərrüfatında istehsal olunmuş məhsulun həm bazara itkisiz çatdırılması, həm də böyük alıcı rəğbətinin qazanılmasına imkan verir. Bu istiqamətdə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 477 ailə təsərrüfatında istehsal olunan məhsullardan 1351 halda laboratoriya təhlilləri aparılıb və laboratoriya nəticələri sınaq protokolları əsasında ailə təsərrüfatlarına təqdim edilib.
Ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikada geniş tətbiq və təbliğ edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq növbəti belə tədbir Ordubad rayonunda keçirilib. Muxtar respublikanın şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələrinin, aidiyyəti nazirlik və komitə təmsilçilərinin və rayonların 167 ailə təsərrüfatının tədbirdə iştirak etməsi, ailə təsərrüfatlarının rolunun yüksəldilməsinə, iş təcrübələrinin aşılanmasına, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin formalaşmasına da yeni imkanlar yaradır.
Özəl sektorun, kiçik və orta sahibkarlığın xüsusilə ailə təsərrüfatlarının inkişafı biznes mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılmasının göstəricisi olmaqla, bu sahədə həyata keçirilən uzunmüddətli işlərin nəticəsidir.