Naxçıvan şəhərində kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası müzakirə olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görüş keçirilib.
Görüş Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə təşkil olunub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Vüsal İbrahimov, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Görüşdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Naxçıvan şəhərində həyata keçirilməsi, regionun aqrar potensialının genişləndirilməsi, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması istiqamətində görüləcək işlər müzakirə olunub.
Sahibkarların üzləşdikləri çətinliklər və mövcud problemlər dinlənilib, onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, iştirakçılara Dövlət Proqramının əsas prioritetləri barədə ətraflı məlumat verilib.
İstehsalın artırılması, mövcud təsərrüfatların genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması ilə bağlı müvafiq tövsiyələr səsləndirilib. Aqrar sektorda fəaliyyət göstərən sahibkarların təşəbbüslərinin dəstəklənməsinin, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadənin və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinin kənd təsərrüfatının davamlı inkişafında mühüm rol oynadığı vurğulanıb.
Görüşün davamında nümayəndə heyəti Naxçıvan şəhərində süd və süd məhsullarının istehsalı ilə məşğul olan təsərrüfata baş çəkib. Təsərrüfatın mövcud fəaliyyəti, istehsal imkanları və inkişaf perspektivləri ilə yerində tanışlıq olub. Təsərrüfat sahibinin təklifləri və qarşılaşdığı problemlər dinlənilib.