Dünya bazarlarında neftin qiyməti Yaxın Şərqdən tədarükün artması nəticəsində ucuzlaşıb. Bununla belə, regionda gəmiçilik və neft emalı obyektlərinə hücumların davam etməsi bazarda qeyri-müəyyənliyi artırır.
NUHÇIXAN xəbər verir ki, noyabrın 23-də “Brent” markalı neftin bir barelinin qiyməti 2,09 dollar və ya 2,26 faiz azalaraq 90,48 dollar təşkil edib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,83 dollar və ya 2,19 faiz ucuzlaşaraq 81,58 dollara enib.
Ötən həftə “Brent” markalı neft 4 faiz, “Light” markalı neft isə 5 faiz ucuzlaşıb.
ABŞ və İsrailin İranla davam edən münaqişəsi isə neft bazarına təsir göstərən əsas amillərdən biri olaraq qalır. Belə ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi həftəsonu Fars körfəzində və Hörmüz boğazı yaxınlığında gəmilərə qarşı bir neçə hücumun qeydə alındığını açıqlayıb. Həmçinin Bəhreyn şənbə günü İranın hücumu nəticəsində mülki sənaye obyektinin zərər gördüyünü bildirib.
Analitiklər bildirib ki, neft qiymətlərinin ardıcıl üçüncü həftə azalmasının başlıca səbəbi təklifin artması ilə bağlıdır. Bununla yanaşı, Hörmüz boğazından keçən gəmilərə qarşı hücumların neft daşımalarına mənfi təsir göstərdiyi qeyd edilib.
Neft təklifinin artmasına təsir göstərən digər amil Liviyada “Sharara” neft kəmərinin fəaliyyətini bərpa etməsidir.
Türkiyədə keçirilən COP31 iqlim konfransında isə qalıq yanacaqlardan mərhələli imtina ilə bağlı yekun bəyanatın qəbul edilməsi məsələsində ölkələr arasında razılıq əldə olunmayıb. Nəticədə danışıqlar 2009-cu ildən bəri ilk dəfə razılaşma olmadan başa çatıb. Konfransın müşahidəçilərinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı və digər iri neft istehsalçıları qalıq yanacaqların gələcək illərdə də iqtisadiyyatda mühüm rol oynayacağını əsas gətirərək bu məsələnin yekun sənəddə əks olunmasına qarşı çıxıblar.
OPEC+ ölkələrinin nazirləri 2027-ci il üzrə hasilat siyasətini müzakirə etmək üçün noyabrın 29-da bir sıra görüşlər keçirəcəklər.
