Hindistanlı səfir Naxçıvanın turizm obyektləri ilə tanış olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavintlunq Naxçıvan Muxtar Respublikasına səfər edib. Diplomat səfəri çərçivəsində Naxçıvanın qədim tarixi abidələri və istehsal müəssisələri ilə tanış olub.

Səfər çərçivəsində hindistanlı səfir və onun xanımı Rozi Bavitlunq Naxçıvan Dövlət Xalça Muzeyində olublar. Burada onlara nümayiş olunan xalçalarla, həmçinin muxtar respublikada xalçaçılığın inkişafı ilə bağlı müfəssəl məlumat verilib. Muzeydə xalça toxumağın texnologiyası da əyani şəkildə qonaqlara göstərilib.

Xan sarayında olan diplomat  Naxçıvan Xanlığı  haqqında maraqlı məlumatlar əldə edib. Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr,  Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi qonağın marağına səbəb olub.

Sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn qonağa muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Səfir kompleksin yaxınlığında yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət edib, tikilməkdə olan məscid kompleksi ilə də maraqlanıb.

Günün ikinci yarısında hindistanlı səfir Naxçıvan Muxtar Respublikasındakı  bir neçə sənaye-istehsal müəssisəsinə baxıb. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətində, Naxçıvan Avtomobil Zavodunda, Gəmiqaya Mebel Fabrikində, Daş Məhsulları Sənaye Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətlərində olub, “Badamlı” mineral suyu və onun istehsalı ilə bağlı məlumatlarla tanış olub. 

Hindistanlı səfirin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.

                                                                                Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: