I yazı
Səhər saat beşin yarısıdır. Ramazan ayıdır. Evdən çıxanda Naxçıvan şəhərinin məscidlərindən imsaqın bitdiyini elan edən əzan səsləri bir-birinə qarışaraq çıxacağımız səfər üçün sanki yolumuza uğurlar diləyir. Əzan səsləri, islama çağırış, namaza dəvət və biz Naxçıvandan Konyaya böyük islam alimi, mütəfəkkir Nemətullah Naxçıvaninin adını tutub yola düşürük. Biz... 16 nəfərlik heyətlə Naxçıvandan Konyaya müqəddəs bir missiya üçün həyəcan və qürurla istiqamət götürürük. Bu işin ən asan tərəfidir – yola düşmək. Amma bunun bir də arxa planı, beynəlxalq termin kimi formalaşmış ifadə ilə desək, işin “backgraund” tərəfi var. Nədir o “backgraund”...
...İki ilə yaxındır ki, Naxçıvanın görkəmli yetirmələrindən biri olan, XV əsrin sonları, XVI əsrin əvvəllərində yaşamış Nemətullah Naxçıvani haqqında geniş miqyaslı tədqiqatların ilkin addımları atılmağa başlandı. Bu araşdırmaların nəticəsi olaraq dövlətin diqqət və qayğısı ilə işin mahiyyəti daha böyük çərçivədə ələ alındı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 oktyabr 2018-ci il tarixdə imzaladığı “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” Sərəncamı ilə bu böyük mütəfəkkirin həyat və yaradıcılığının öyrənilməsində yeni və uğurlu mərhələyə start verildi. İlk olaraq Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənt, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Nərgiz İsmayılova Nemətullah Naxçıvaninin ən böyük əsəri olan, A-4 formatla ümumilikdə 2700 səhifə həcmindəki Qurani-Kərimin sufi yöndən təfsir edildiyi “Əl Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” adlı əsərinin 900 səhifəlik 1-ci cildini türkçədən Azərbaycan dilinə uyğunlaşdıraraq 2018-ci ilin sonlarında nəşr etdirib. 2-ci və 3-cü cildlərin ərsəyə gəlməsi üçün isə qollar çirmələndi. Eyni ilə bu sətirlərin müəllifi tərəfindən Nemətullah Naxçıvaninin “Hidayətül-ixvan” əsəri türkçədən Azərbaycan dilinə uyğunlaşdırılaraq nəşriyyata təqdim olundu. İşindəki məsuliyyəti və məhsuldarlığı, həmçinin operativ yenilikləri AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin diqqətindən yayınmayan Nərgiz xanım Rəyasət heyətinin növbəti iclasında, daha dəqiq desək 2018-ci il oktyabrın 30-da AMEA Naxçıvan Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçildi. İlk gündən fəal elmi-təşkilati işə başlayan Nərgiz İsmayılova dövlətin tədqiq edilməsi üçün rəsmi qərar imzaladığı Nemətullah Naxçıvani haqqında beynəlxalq konfransın keçirilməsi üçün layihə hazırlayıb təqdim etdi. İşin arxa planı, görünməyən tərəfi olaraq bu mərhələnin hərgünkü şahidi kimi etiraf edim ki, “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” adıyla təsdiq olunan bu layihə AMEA Naxçıvan Bölməsinin rəhbərliyi tərəfindən də dəyərli layihə kimi bəyənildi. Həmçinin dövlət tərəfindən də bu cür beynəlxalq tədbirə böyük diqqət göstərildi. Layihənin maliyyə tərəfini isə Nərgiz xanım Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən təmin etmək üçün müraciət edəndə Fondun icraçı direktoru Cəbi Quliyev hər zaman gənclərin uğurlu layihələrinə canla-başla dəstək olduğunu bu dəfə də nümayiş etdirdi. İstər təşkilati, istər maliyyə dəstəyi, istərsə də bu cür beynəlxalq konfransın, beynəlxalq layihənin həyata keçirilməsi üçün görüləcək işlər, lazım olacaq hər nüans, gediləcək heyət – hər biri AMEA Naxçıvan Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının sədri və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru tərəfindən bir neçə ay davam edən gündəlik müzakirələrin sonunda gərgin və məsuliyyətli əməkdaşlığın nəticəsi kimi araya-ərsəyə gəldi.
Səhər saat beşdir. “Mersedes-sprinter” Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun qarşısından hərəkətə başlayır. Yerlə göyün bir-birindən qismən seçildiyi dəqiqələrdə müxtəlif idarə və təşkilatlardan 16 nəfərlik heyət bir-biri ilə daha yaxından tanış olmaq həvəsindədir. Bu məsuliyyətli vəzifəni kim üzərinə götürdü xatırlamıram, amma artıq Naxçıvan-Türkiyə sərhədinə - Ümid, Həsrət körpüsünə çatanda hamı bir-birini tanıyırdı. Sürücülərimiz Qafqaz Turizmin əməkdaşları Hüseyn və Mərdan uzun səfər boyu həm bizin təhlükəsizliyimizi təmin etmək, həm də öz yorğunluqlarını növbəli şəkildə aradan götürmək məqsədilə peşəkar sürücülər kimi seçilmişdilər. Gənclər Fondunun rəhbəri Cəbi Quliyev yola çıxan heyətə də rəhbərliyin məsuliyyətini səmimiyyətlə öz üzərinə götürmüşdü. AMEA Naxçıvan Bölməsindən yuxarıda qeyd etdiyim kimi Bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz İsmayılova, həmin şuranın elmi katibi Ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşı Mahirə İsmayılova, Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov, həmçinin mən – İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov heyətdə təmsil olunurduq. Bundan başqa Naxçıvan Universitetinin müəllimi Rəna Qurbanova, Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin üzvləri Şəfəq Cəfərova və Ziya Səfərli, Gənclər Fondunun baş mütəxəssisi Arzu Qasımov və könüllüsü Hüseyn İmanov da yol boyu bizimlə birlikdə idilər. Bütün səfər boyu görülən işləri, həyata keçirilən tədbirləri işıqlandırmaq üçün isə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin üç əməkdaşı da bizə qoşulmuşdu. Televiziya ekranlarından öz uğurlu və cəsarətli proqramları ilə çoxminli tamaşaçıların rəğbətini qazanmış, məhsuldar jurnalist Ruhiyyə Rəsulova öz təəssüratlarını həm xəbər janrında, həm də ayrıca veriliş şəklində tamaşaçılara çatdırmaq üçün səfərbər olmuşdusa, görüntüləri qeydə almaq operator Elşad Heydərovun məsuliyyətində idi. Səfər boyu yaradıcı heyət içərisində yaşca hamımızdan böyük olan Fərhad Zamanbəyov isə rejissor funksiyasını yerinə yetirməklə, istər çəkilən süjetlərin kadr bucağını müəyyən etmək, istərsə də hazırlanacaq xəbər və verilişin tamaşaçıya daha effektiv və fərqli yeniliklərlə təqdimatında öz sözünü deyəcəkdi. Heyətimizdə Nərgiz xanımın ömür-gün yoldaşı Aynar İsmayılov da yer almışdı. Onun xarici ölkələrə səyahət təcrübəsi, internet üzərindən gediləcək məkanlarda uyğun otel seçimi, münasib qiymətə otaqların rezervasiyası səfərimiz çərçivəsində bizə böyük kömək olduğunu qabacaqdan etiraf etməliyik. Nərgiz xanımın layihəsi çərçivəsində iki nəfər isə bizə Konyada qoşulacaqdı. Bunlar Eskişehir Anadolu Üniversitetinin naxçıvanlı müəllimi, fəlsəfə doktoru Rza Məmmədov və Türkiyənin Kayseri şəhərində yaşayan ilahiyyatçı, Nemətullah Naxçıvaninin “Quranın təfsiri”ni ərəbcədən Türkiyə türkçəsinə tərcümə etmiş Ali İhsanTürcan idi.
Sərhədçi və gömrükçlərimizin kollektivin yola çıxma səbəbini öyrəndikdən sonrakı səmimi münasibəti, sənədlərimizin yoxlanılmasında göstərdikləri köməklik nəticəsində Sədərək gömrüyünü rahat keçib Türkiyə gömrüyünə üz tuturuq. Burada da qardaşlarımızın müqəddəs bir vəzifə üçün yola çıxdığımıza olan hörməti öz sözünü deyir. Biz qısa zamanda Dilucu sərhəd qapısından İqdıra doğru yol alırıq. Bu zaman artıq bir-birini tamamilə tanıyan heyət üzvləri arasında bizi qarşıda gözləyən işin qızğın müzakirəsi başlayır. Hamı bir-birinə inanırcasına ilk dəqiqələrdə üzlərə çökmüş narahatlığı aradan qaldırır. Biz Naxçıvandan Konyaya bir körpüyə çevrilmiş Nemətullah Naxçıvanini ziyarət etməyə, öyrənməyə, təbliğ etməyə, yeni məlumatlar əldə etməyə köklənmiş halda oturacaqlarımıza söykənib düşüncələrə dalırıq. Maşın isə yolun imkan verdiyi sürətlə irəli doğru şütüyür. Baxmayaraq ki, duyğularımız, düşüncələrimiz, arzu və xəyallarımız artıq yolu çoxdan qət edərək Konyada məskən salıb. Mən isə xəyallarımızı qısqanaraq pəncərədən ətrafı seyr etməyə başlayıram...
(ardı var)
Elxan Məmmədov
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru