Uşaqların Müdafiəsi Günü Şərurda qeyd edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Şərur şəhərindəki “Bahar” kinoteatrında “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” qeyd edilib.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və Komitənin sədri Ramilə Seyidova muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından, həmçinin Şərur rayonunda uşaqların təhsili, inkişafı, onların cəmiyyətin layiqli üzvü kimi yetişməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkil olunması ilə bağlı yaradılan şəraitlə bağlı iştirakçılara məlumat veriblər.
2017-2018-ci tədris ilində Şərur rayonu üzrə təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən 15 uşağa fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Sonda Şərur şəhər uşaq bağçası, Çərçiboğan, Aralıq, Şəhriyar, Ələkli, Yuxarı Daşarx uşaq musiqi məktəbləri və Bəhruz Kəngərli adına Uşaq İncəsənət məktəbinin yetirmələrinin ifasında konsert olub.