Bağırsağın iltihabi xəstəlikləri, xüsusilə xoralı kolit qaraciyər sirrozunun yaranma riskinin artmasına səbəb ola bilər. NUHÇIXAN xəbər verir ki, Almaniyanın Saar Universitetinin Tibb Mərkəzinin tədqiqatçıları bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “Sage Open Chronic Diseases” (SOCD) jurnalında dərc olunub.
Alimlər bağırsağın iltihabi xəstəlikləri olan təxminən 23,5 min pasiyentin və bu cür diaqnozu olmayan 117,5 min nəfərin tibbi məlumatlarını təhlil ediblər. İştirakçıların sağlamlıq göstəricilərini müqayisə edərkən mütəxəssislər onların yaşını, cinsini, piylənmə, şəkərli diabet və alkoqol asılılığının olub-olmadığını nəzərə alıblar.
İyirmi ilədək davam edən müşahidə dövründə bağırsağın iltihabi xəstəlikləri olan pasiyentlərin 1,68 faizində, nəzarət qrupunun iştirakçılarının isə 0,68 faizində qaraciyər sirrozu diaqnozu qoyulub. Statistik təhlil göstərib ki, bağırsağın iltihabi xəstəlikləri qaraciyər sirrozu riskini 51 faiz, xoralı kolit isə 59 faiz artırır. Bununla belə, Kron xəstəliyi ilə sirroz arasında əhəmiyyətli əlaqə aşkar edilməyib.
Sirroz riskinin artması qadınlarda və 50 yaşdan yuxarı şəxslərdə daha çox müşahidə olunub. Bu qruplarda bağırsağın iltihabi xəstəliklərinin olması sirroz riskini müvafiq olaraq 83 və 56 faiz artırıb. Kişilər və 50 yaşdan aşağı şəxslər arasında isə statistik baxımdan əhəmiyyətli əlaqə müəyyən edilməyib.
Tədqiqatçıların fikrincə, əldə olunan nəticələr bağırsağın iltihabi xəstəlikləri olan pasiyentlərdə qaraciyərin vəziyyətinə daha diqqətlə nəzarət edilməsinin vacibliyini göstərir. Pozuntuların vaxtında aşkarlanması müalicəyə daha erkən başlamağa və sirrozun yaranmasının qarşısını almağa imkan verə bilər.
