Naxçıvan şəhərinin abidələri ilə bağlı yeni monoqrafiya - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Naxçıvan şəhərinin epiqrafik abidələri” monoqrafiyasının təqdimatı olub.
Bölmənin sədri akademik İsmayıl Hacıyev monoqrafiyanın Tarix, Etnoqrafiya və Arxeologiya institutunun direktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Fəxrəddin Səfərli tərəfindən ərsəyə gətirildiyini bildirib. Qeyd edilib ki, Naxçıvan şəhərinin epiqrafik abidələri haqqında ayrı-ayrı məqalələrdə, bəzi kitab və monoqrafiyalarda yığcam şəkildə məlumat verilsə də bu abidələr bütünlüklə sistemli tədqiqata cəlb olunmayıb, onlar haqqında ayrıca kitab və monoqrafiya yazılmayıb. Kitab Naxçıvan şəhərinin epiqrafik abidələrinə həsr olunan ilk monoqrafik əsərdir. Əsərdə Naxçıvan şəhərində indiyədək qalan kitabələrlə yanaşı, vaxtı ilə tədqiqatçılar tərəfindən tədqiq olunan, ancaq müəyyən səbəblərdən zəmanəmizədək gəlib çatmayan bir neçə kitabədən, həmçinin muxtar respublikanın müxtəlif yaşayış məskənlərindən gətirilərək şəhərdə fəaliyyət göstərən muzeylərdə nümayiş olunan müsəlman epiqrafikası abidələrindən də bəhs olunub.
Monoqrafiyada bəhs olunan kitabə mətnlərinin Azərbaycan dilinə tərcüməsi və fotoşəkillərin yerləşdirilməsinin bu sahə ilə məşğul olan tarixçilər, alimlər, doktorantlar, magistrlər üçün əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
Fəxrəddin Səfərli elm adamlarına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
Qeyd edək ki, kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsin sədri akademik İsmayıl Hacıyevdir.
Novruz Məmmədov