Rəhimovlar ailəsinin evliliklərinin 60 illiyi qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yaşayan Rəhimovlar ailəsinin evliliklərinin 60 illiyi qeyd olunub.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev ailəyə uzun və firavan ömür arzulayaraq bildirib ki, 60 illik birgə həyat sadəcə təqvim göstəricisi deyil, böyük sevgi, qarşılıqlı hörmət və sədaqətin təcəssümüdür. O qeyd edib ki, Azərbaycan xalqı hər zaman möhkəm ailə dəyərləri ilə seçilib və belə nümunəvi ailələrin ziyarət olunması, onların həyat təcrübəsinin gənc nəslə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Vurğulayıb ki, ailə nə qədər sağlam və güclü olarsa, dövlət də bir o qədər qüdrətli olar.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ailə siyasəti bu gün də Azərbaycanda uğurla davam etdirilir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət və qayğı göstərilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, ölkəmizdə ailələrin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də uzunömürlü və nümunəvi ailələrin daim diqqətdə saxlanılmasıdır. Ailə dəyərlərinin qorunaraq gənc nəslə ötürülməsi və belə ailələrin həyat təcrübəsindən faydalanmaq xüsusi əhəmiyyət daşıyır.

Komitə sədri Muxtar respublikada da uzunömürlü və nümunəvi ailələrin kifayət qədər olduğunu diqqətə çatdıraraq belə ailələrin həyat yolunun gənclər üçün örnək təşkil etdiyini vurğulayıb. O, gənc nəslin sevgi, qarşılıqlı hörmət və sədaqət kimi dəyərləri məhz bu ailələrdən öyrənməsinin vacibliyini qeyd edib.

Tədbirdə Rəhimovlar ailəsinin həyat təcrübəsi dinlənilib, ailə üzvləri ilə səmimi söhbət aparılıb. Ailənin başçısı Sadiq Rəhimov və həyat yoldaşı Gülü Rəhimova onlara göstərilən diqqət və qayğıya görə dövlətə və Naxçıvan Muxtar Respublikası rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar 60 il əvvəl qurduqları ailənin bu gün belə diqqət və hörmətlə yad edilməsinin böyük sevinc doğurduğunu söyləyiblər. Birgə həyatları boyunca həm sevincli, həm də çətin günlər yaşadıqlarını bildirən Sadiq Rəhimov bütün bunlara baxmayaraq, qarşılıqlı hörmət, səbir və anlayış sayəsində ailə birliyini qoruyub saxladıqlarını qeyd edib.

Ailənin övladı Əli Rəhimov da göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Sadiq Rəhimov 1943-cü ildə Naxçıvan şəhərində, həyat yoldaşı Gülü Rəhimova isə 1945-ci ildə Füzuli rayonunun Saracıq kəndində anadan olub. Hazırda onların 3 övladı, 6 nəvəsi və 7 nəticəsi var.

Tədbirin sonunda Naxçıvan Şəhər İcra Hakimiyyəti və Komitə tərəfindən Rəhimovlar ailəsinə hədiyyələr və gül buketi təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: