NUHÇIXAN xəbər verir ki, Sədərək rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov müasir dövrdə muxtar respublikamızın hərtərəfli inkişafında sığorta fəaliyyətinin rolundan danışıb. Bildirib ki, sığorta işinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov isə qeyd edib ki, iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri olan sığorta muxtar respublikamızda iqtisadi fəallığın yüksəldilməsinə xidmət edir. Son dövrlərdə baş vermiş sığorta hadisələrindən konkret misallar gətirməklə vaxtında sığorta müqaviləsi bağlatdırmağın faydalı cəhətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Vurğulanıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı olan hər bir obyektin sığortası təmin edilməlidir. Könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bununla əlaqədar qeyd olunub ki, Sədərək rayonunda bu sahədə fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan maarifləndirmə işləri genişləndirilməlidir. Kənd təsərrüfatı sığortası ilə yanaşı, ev əmlakının sığortası, fərdi qəza sığortası və digər könüllü sığortaların inkişafı, son nəticədə, insanların rifahının yüksəldilməsinə xidmət edir.
Tədbirdə Sədərək Rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi daxili xidmət mayoru Müşfiq Mustafayev, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Nail Piriyev, Sədərək kənd icra nümayəndəliyinin əməkdaşı İsfəndiyar Kərimov icbari sığortalar sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər.
Sərxan İsmayılov