Mətbuat Şurasında jurnalist etikası və dezinformasiya ilə mübarizə yolları ətrafında müzakirələr aparılıb - FOTOLAR

A- A A+

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvləri informasiya məkanındakı dezinformasiya təmayülləri və manipulyasiyalar mövzusu ətrafında müzakirə keçiriblər.

Şuradan NUHÇIXAN-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu bildirib ki, son günlər informasiya mühitində qərəzli yanaşma hallarına rast gəlinməkdədir.

“Təəssüf ki, media orqanlarımız əksər belə durumlarda həssaslığını itirir, alətə çevrilirlər. Halbuki jurnalistika özünün peşəkarlıq meyarlarını qorumalı, etik prinsiplərə sadiq qalmalıdır”, - deyə MŞ sədri qeyd edib.

V. Zifəroğlu cəmiyyət həyatında baş verən hadisələrin təqdimatının peşə etikasına laqeyd yanaşmağa rəvac verməməli olduğunu vurğulayıb: “Çünki laqeydlik və biganəlik, həmçinin qeyri-həssas yanaşma jurnalist sözünə inamı sarsıdır. Daha pisi isə odur ki, jurnalistikanın doğruluğuna və dürüstlüyünə inamın sarsılması bütövlükdə cəmiyyətdə etimadsızlıq mühitinin formalaşmasına gətirib çıxarır”.

MŞ sədri bu kimi halların qarşısının alınmasının vacibliyini və prosesdə Şuranın üzərinə də böyük məsuliyyətin düşdüyünü deyib.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, jurnalistikanın ictimai nüfuzunun qorunması son dərəcə vacibdir. O, məsələnin illərlə müzakirə edildiyini, ancaq hələ də mövcud istiqamətdə neqativ vəziyyətin aradan qalxmadığını vurğulayıb.

Çıxışına dünya miqyasında dezinformasiya təmayüllərinin dinamikası, onlara yanaşmalardakı forma və metodlar barədə məlumat verməklə başlayan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib ki, müxtəlif vaxtlarda riskləri minimallaşdırmaq üçün medianın sosial şəbəkələrə nüfuzunun artması zəruriliyinə toxunulub.

MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti” baş redaktorunun birinci müavini Hümbət Musayev media müstəvisindəki neqativ təmayüllərin bir çoxunun zamanla aradan qalxacağına inandığını deyib. Bununla belə, o, təbii yolla yanaşı, hüquqi tənzimləmələrin də işə salınmasının əhəmiyyətini diqqətə çatdırıb.

MŞ İdarə Heyətinin üzvü, “Bizim.media” saytının baş redaktoru Anar Tahirli çıxışında dövlət qurumlarının ictimaiyyətlə əlaqələr təsisatlarının günün tələbləri çərçivəsində fəaliyyət göstərməsinin vacibliyindən söz açıb. O bildirib ki, əgər mövcud sahədə ciddi irəliləyiş əldə olunsa, dezinformasiyaların yayılması halları, o cümlədən onların cəmiyyətə təsirləri minimallaşacaq.

MŞ İdarə Heyətinin üzvü, “Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı bildirib ki, dezinformasiya təmayülləri ilə mübarizədə sərt forma və üsullarda prinsipiallıq gözlənilməli, elə yol seçilməli və dəqiq əsaslandırmalar aparılmalıdır ki, görülən işlər söz və ifadə azadlığını məhdudlaşdırmaq kimi qəbul edilməsin.

MŞ İdarə Heyətinin üzvləri – “Bakivaxti.az” saytının baş redaktoru Qalib İbrahimoğlu, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli bildiriblər ki, dezinformasiyalarla və yanlış bilgilərin yayılması ilə mübarizə sistemləşdirilməli və konkretləşdirilməlidir.

Sonda İdarə Heyətinin üzvləri müzakirənin yekunu olaraq Mətbuat Şurasının mövzuya dair çağırışının hazırlanmasının zəruriliyi qənaətinə gəliblər. Şuranın bununla bağlı müvafiq bəyanatı (bəyanat https://presscouncil.az/az/news/805) qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: