Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Culfa rayonunun Xanəgah kəndində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Fondun Culfa rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Ramil Həsənquliyev rayonda pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Rayonda hazırda 80 pensiyaçı əmək pensiyalarını kəndlərdəki poçt bölmələrindən alır. Kənd yerlərində yaşayan digər pensiyaçılar da bundan sonrada istədikləri halda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsinə və “Naxçıvanpoçt” Məhdud Məhsuliyyətli Cəmiyyətinin Culfa rayonunda yerləşən yerli poçt bölmələrinə ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər.
Tədbirdə qeyd edilib ki, hazırda rayonda “Naxçıvanpoçt” Məhdud Məhsuliyyətli Cəmiyyətinin 1 mərkəzi poçt şöbəsi və 20 poçt bölməsi əhaliyə xidmət göstərir.
İştirakçılara “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər barədə geniş məlumat verilib.