Naxçıvanda sahibkar qadınlar bir araya gəliblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi önünə gələrək, buraya gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev muzeyi ilə tanış olublar. Burada qonaqlara Ulu öndərin həyat və fəaliyyəti barədə müfəssəl məlumat verilib.
Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi, subsidiyaların ödənilməsi, həmçinin istehsal olunan məhsulların satışı üçün əlverişli şəraitin yaradılması, hər il “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi ailə təsərrüfatlarının inkişafına yeni imkanlar açmaqla yanaşı, qadınların da bu sahəyə olan marağını xeyli artırdığını bildirib. Vurğulanıb ki, muxtar respublikada ailə təsərrüfatları ət və ət məhsulları, süd və süd məhsulları, komportlar, lavaşalar, taxılçılıq, meyvə və dərman bitkilərinin qurudulması və qablaşdırılması, ümumən heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət gostərirlər. Komitə sədri diqqətə çatdırıb ki, hazırda muxtar respublikada 1022 ailə təsərrüfatından 177-si qadın sahibkarlara məxsusdur.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycanda sahibkarların fəaliyyətlərinin genişləndirilməsi istiqamətində görülən işlər muxtar respublikadan da yan keçməyib, onlar üçün hər cür şərait yaradılıb. Yaradılan şəraitdən istifadə edən hər bir qadın sərbəst öz işini qura bilər, biznesə sahib olub, işə götürən qismində çıxış edə bilər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qayğısı nəticəsində muxtar respublikada hər bir vətəndaşın sosial müdafiəsi güclənir və onlar üçün bərabər şərait yaradılır deyən Hicran Hüseynova bildirib ki, məhz bu şəraitinin nəticəsidir ki, bu gün muxtar respublika qadınları da dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş Şöbəsinin müdiri Surə Seyid bildirib ki, qadınların iqtisadi güclənməsi qadın sahibkarlığın inkişafına təkan verir, əlverişli hüquqi baza qurulur, dövlət tərəfindən qadın sahibkarlara qayğı göstərilir. Qadınların iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən islahatlar qadınlar arasında iqtisadi fəallığı artırır. Ölkə üzrə fərdi sahibkarların təqribən 30 faizini qadınlar təşkil edir.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarovanın, “Zümrüd geyim” MMC-nin direktoru Mehrəngiz Əkbərovanın və ailə təsərrüfatçısı Sürəyya Quliyevanın çıxışları dinlənilib.
Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovaya ”Xatirə” medalı, muxtar respublika iqtisadiyyatının inkişafında fərqlənən sahibkar qadınlara isə diplomlar təqdim olunub.
İştirakçılar Naxçıvan Televiziyasının hazırladığı “Dünəndən bu günə: iqtisadiyyatımız və qadınlar” filminə baxıblar.
Sonda Naxçıvan Biznes Mərkəzində sərgilənən yerli istehsal məhsullarına baxış olub.
Mədinə Rəhimli