Azərbaycanda ev işlərini görən, uşaqlara və digər ailə üzvlərinə qulluq edən şəxslərin 18,6 faizi kişilərdir
Azərbaycanda işçi qüvvəsinə daxil olmayan (qeyri-fəal) qadınların 42,6 faizi ev işlərini yerinə yetirən, uşaqlara və ailənin digər üzvlərinə qulluq edən şəxslərdir. Bu kateqoriyada kişilərin payı 14,9 faiz təşkil edir.
NUHÇIXAN Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ev işləri və ailə üzvlərinə qulluqla məşğul olan qadınların payı kişilərlə müqayisədə 2,9 dəfə çoxdur.
Qadınların 23,4 faizi yaşa görə əmək pensiyası alanlar, 19,9 faizi təhsil alanlar (tələbələr və yuxarı sinif şagirdləri), 12 faizi əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlar, 2,1 faizi isə digər kateqoriyalara aid şəxslərdir.
Kişilərdə isə işçi qüvvəsinə daxil olmayanların 30 faizi təhsil alanlar, 23,5 faizi yaşa görə əmək pensiyası alanlar, 16,4 faizi digər kateqoriyalara aid şəxslər, 15,2 faizi əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlar, 14,9 faizi ev işləri və ailə üzvlərinə qulluqla məşğul olanlardır.
Cins bölgüsü üzrə göstəricilərə gəlincə, ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edən şəxslərin 81,4 faizini qadınlar, 18,6 faizini kişilər təşkil edir. Yaşa görə əmək pensiyası alanlar arasında qadınların payı 60,5 faiz, kişilərin payı 39,5 faizdir.
Ümumilikdə, işçi qüvvəsinə daxil olmayan əhalinin 60,6 faizi qadınların, 39,4 faizi kişilərin payına düşür. Bu kateqoriyada qadınların sayı 1 milyon 553,9 min nəfər, kişilərin sayı isə 1 milyon 11,7 min nəfərdir.
