Şairin ömrü sözlə davam edir
Xanəli Kərimli: “Əgər Xanəli Kərimli söz adlı bir qüdrətə xəyanət etməyibsə, yəqin ki, söz də ona xəyanət etməz...”
Bəzən bir insanın ömür yolunu anlamaq üçün onun keçdiyi illərə deyil, yazdığı misralara nəzər salmaq kifayətdir. Çünki şairin sözü yalnız duyğularının ifadəsi deyil, həm də yaşadıqlarının, gördüklərinin, düşündüklərinin, susduqlarının və inandıqlarının yaddaşıdır. Bu yaddaşda zamanın izləri, insan taleləri, Vətən sevgisi, haqq axtarışı və ömrün cavabını tapmamış sualları yaşayır.
Xanəli Kərimlinin poeziyasında da belə bir mənəvi axtarışın izləri aydın görünür. O, şeirlərində yalnız Vətəndən, azadlıqdan, insandan söz açmır, həm də insanın öz qarşısında məsuliyyətini, haqqın tərəfində dayanmağın çətinliyini, mənəvi bütövlüyü qorumağın vacibliyini ifadə edir. “Mən haqqın yazan əliyəm”, – deyən şair üçün söz, sadəcə, yaradıcılıq vasitəsi deyil, həm də ömür boyu daşıdığı mənəvi mövqedir.
75 illik yubileyi münasibətilə Xanəli müəllimə zəng edib təbriklərimi çatdırarkən onunla söhbətimizi müsahibə şəklində davam etdirmək istəyimi də bildirdim. Təklifimi məmnuniyyətlə qarşıladı və redaksiyamızda görüşmək barədə razılığa gəldik. Beləcə, telefon danışığında başlayan söhbətimizi üzbəüz davam etdirmək imkanı yarandı.
Bu görüşdə məqsədimiz yalnız şairin yaradıcılıq yoluna nəzər salmaq, yazdığı əsərləri yada salmaq deyildi. İstədik ki, misraların arxasında dayanan insanın düşüncələrinə, ömür təcrübəsinə, həyata və sözə münasibətinə də yaxından bələd olaq. Çünki bəzən şairin bir misrası onun haqqında yazılmış uzun-uzadı fikirlərdən daha çox şey deyir. Xanəli Kərimli ilə söhbətimiz də məhz bu düşüncədən başlandı.

Ömrün yaddaşı, sözün başlanğıcı
– Xanəli müəllim, insan ömrünün dəyərini illərlə deyil, qoyduğu izlərlə ölçmək daha doğrudur. Siz 75 illik ömür yolunuza nəzər salanda özünüzü daha çox hansı istiqamətdə gerçəkləşdirmiş hesab edirsiniz: şair, alim, müəllim, yoxsa həyatın sınaqlarından keçmiş bir insan kimi? Bu illərin sizə qazandırdığı ən böyük mənəvi dəyər nə olub?
– İnsan ömrü bir dərya, ümman ömrünə bənzəyir: gah qabarır, gah tufanlanır, gah da sakit, fikirli, düşüncəli bir ahənglə axıb gedir. Yola saldığım 75 illik bir ömür mənə nə verib, məndən nə aparıb? Bu illər mənə acılı-şirinli bir həyat yaşadıb – müəllim, alim, şair həyatı. Bu, xalqa, millətə, Vətənə xidmət həyatıdır. Ancaq bir həqiqəti etiraf edim ki, bu millətin, bu xalqın, bu Vətənin mənə verdiklərinin müqabilində mən hələ də millətimə, Vətənimə, xalqıma borcluyam…
– Uşaqlıq illərinizin, doğulub boya-başa çatdığınız Mahmudobanın təbiətinin, ailə mühitinin yaradıcılığınıza təsiri barədə danışarkən folklor yaddaşına xüsusi yer ayırırsınız. Bu gün şeirlərinizdə yaşayan duyğuların kökü, görünür, elə həmin illərə gedib çıxır. O illərdən yaddaşınızda ən çox nə qalıb?
– 2000-ci ildə nəşr olunan “Anamdan məktub” kitabımın Ön sözündə bu suala aydın cavab vermişəm. Yenə də bəzi məqamları xatırlatmaq istəyirəm. Bizim ailə – ötən əsrin 50-60-cı illərini nəzərdə tuturam – kənddə böyük ailələrdən biri idi. Ailəmiz təbiət etibarilə bir növ “folklor məktəbi” idi. Otuz il bundan əvvəl yazdığım “Anamla söhbət” şeirimdə bu duyğuları qələmə almışam:
Yaxşı yadımdadır köhnə ev-eşik,
Hər gecə bir nağıl deyərdi atam.
Bütün kənd axışıb bizə gələrdi,
Oxuyan, oynayan – kim idi yatan…
Mən şifahi xalq ədəbiyyatını həmin məktəbdə öyrənmişəm. Etiraf edim ki, bu gün mənim şeirlərimdə yaşayan xatirə və duyğuların kökü 5-10 yaşlarımda yaddaşıma hopan hisslərə bağlıdır. O hisslərin doğurduğu duyğuları heç nə ilə əvəz etmək olmaz.
Haqqın, azadlığın və məfkurənin izində
– “Vəsiyyət” şeirinizdəki “Mən öləndə yasımda şəklimi assanız, çərçivəsiz asın…” misraları oxucunu düşündürən poetik obrazlardan biridir. Şəklinizin çərçivəsiz asılmasını arzulamağınızın arxasında hansı həyat həqiqəti dayanır? Çərçivəsiz portret arzusu, əslində, insanın azadlıq ehtiyacının, məhdudiyyətlərə etirazının ifadəsidirmi?
– İnsan azadlığın məhsuludur, belə demək mümkünsə. Çünki insan azad sevgidən, təbii istəkdən doğulur. Buna görə də əsl sənət əsərini daxilən azad olanlar yaradır. Yaratmaq cəsarətin, inamın və etiqadın məhsuludur. Daxilən azad olmayan, qorxu və ürkü içində yaşayan insanlar yaratmaq istəyindən uzaqdırlar.
Ancaq bir həqiqət də var: hər dadlı yeməyin arxasında gizli bir xəstəlik olduğu kimi, hər ciddi sözün arxasında da üzücü bir “baş ağrısı” var. Bəzən zamanın diktəsinə biganə qalmaq da mümkün olmur…
– Şeirlərinizdə “Şair haqqın yolçusudur” deyirsiniz, yeni kitabınızın adını isə “Mən haqqın yazan əliyəm” seçmisiniz. Görünür, Haqq anlayışı sizin yaradıcılığınızın əsas mənəvi dayaqlarından biridir. Bəs həqiqətin tərəfində dayanmaq şairdən nə tələb edir? Haqqı yazmaqla haqqı müdafiə etmək arasında hansı məsuliyyət fərqi var?
– Böyük türk şairi Nəcib Fazil Qısakürəyin belə bir sözü var: “Şeir haqqı arama işidir”. Mirzə Cəlil də deyirdi ki: “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət göstərməkdir”. Mən də bir şeirimdə demişəm;
Şair dərdlər sarğısıdır,
Şair millət ağrısıdır.
Haqq, həqiqət Allahın min bir adından biridir. Kamil insan – burada şairi nəzərdə tuturam – Allahı özündə axtardığı kimi, həqiqəti də özündə axtarmalıdır. Hər kəsin dərk etdiyi həqiqət də işıqforun rəngləri kimi rəngarəngdir…
– “Mən Turan şairiyəm” bəyanınız yaradıcılığınızda yalnız bir mövzu deyil, həm də məfkurəvi mövqe təsiri bağışlayır. Turançılıq sizin üçün hansı tarixi və mənəvi qaynaqlardan gəlir? Bu məfkurəyə bağlılığınızı necə izah edərdiniz?
– Turançılıq bizdə – Əli bəy Hüseynzadədən qaynaqlanan əzəli və əbədi bir məfkurədir. Bu məfkurə Ziya Göyalp kimi bir nəzəriyyəçi turançı yetişdirdi:
Vətən türklərə nə Türkiyədir, nə Türküstan,
Vətən böyük, müəbbəd bir ölkədir Turan (Ziya Gökalp)
Bu ideya mənim bir çox şeirlərimin mövzusu olub. “Mən Turan şairiyəm” bəyanına gəlincə, bu, şair məslək və məfkurəsindən doğan, böyük Hüseyn Caviddən, Əhməd Cavaddan gələn bir xətdir. Bu xəttə nə qədər sadiq olduğumu Turançılıq amalı ilə yaşayanlar bilər.
– İnsanı tanımaq, onun daxili aləminə bələd olmaq çətin məsələdir. Siz bir misranızda “İnsan öz sirrini açmayınca, bil, kainatın sirri açılan deyil”, – deyirsiniz. İnsan özünü tanımadan başqasını nə dərəcədə tanıya bilər?
– Səhv etmirəmsə, bu fikir Əhvədi Marağalıya məxsusdur: “İnsan Allahın başıbağlı ayəsidir”. Yəni insan sirr içində sirdir. Fikrimcə, insanı tanımaq üçün, ilk növbədə, hər kəs özünü tanımalı, özünü dərk etməlidir. Həzrəti Əli demişkən: “Mən ərəfə nəfsəhu fəqəd ərəfə Rəbbəhu”, “Özünü dərk edən, tanıyan Rəbbini də dərk edər, tanıyar”. Ona görə də mən bir şeirimdə belə demişəm:
İnsan öz sirrini açmayınca, bil,
Kainatın sirri açılan deyil.
– Bir müsahibənizdə yaxşı sənətkar olmaq üçün istedad, zəhmət və şəxsiyyətin vacibliyini vurğulamısınız. Bəs bu üç keyfiyyətdən biri digər ikisində çatışmayan cəhətləri kompensasiya edə bilərmi? İstedadlı, amma şəxsiyyət bütövlüyü olmayan insanın yaratdığı əsər zamanın sınağından keçə bilərmi?
– Təxmini araşdırmalara görə, dünya mədəniyyətinin və ədəbiyyatının yaradıcılarının 5-6 faizi mənən “şikəst” insanlardır. Amma ədəbiyyatın, sənətin başlıca qayəsi insanda insanlıq oyatmaqdırsa, təbii ki, burada şəxsiyyət amili istedad və zəhmət qədər dəyərə malikdir.
Bir ömrün üç istiqaməti: alim, müəllim, şair
– Siz həm alim, həm şair, həm də müəllimsiniz. Bu üç istiqamət ilk baxışda fərqli fəaliyyət sahələri təsiri bağışlasa da, sizin düşüncənizdə onların ortaq bir məqsədi var. Bu üç kimlik bir-birini necə tamamlayır?
– Əslində, sadaladığınız bu mənəvi dəyərlər vahidliyin, bütövlüyün ayrı-ayrı hissələridir. Hər üçünün məqsədi millətə, xalqa, Vətənə xidmətdir. Bu sirr deyil ki, bədii təfəkkür olmadan elmi təfəkkür şikəstdir. Bəşəri kəşflərin bir çoxunun ideya xətti bədii təfəkkürdən, bədii yozumlardan keçir. Buna görə də istər alimlik, istər şairlik, istərsə də müəllimlik olsun, bunlar, dediyim kimi, bir ananın doğma övladlarıdır. Mən bir şair kimi nəyəsə nail olmuşamsa, buna görə müəllimliyimə və belə demək mümkünsə, alimliyimə borcluyam.
– Müəllimlik fəaliyyətinizdə tələbələrə yalnız bilik verməyi deyil, həm də onlara yol göstərməyi vacib sayırsınız. Sizcə, müəllimin əsas missiyası nədir? İllər sonra tələbələrinin həyat yolunda hansısa iz buraxdığını bilmək onun üçün nə deməkdir?
– Hər kəsin ağlı, düşüncəsi onun müəllimidir. Müəllim öyrədəndən çox yol göstərəndir. Mən bir müəllim kimi həmişə tələbələrimə öyrətməyə çalışmışam ki, şəraitə uyğun hərəkət etməyi bacarsınlar. Necə ki, bir auditoriyada istifadə edilən metod digər auditoriyada özünü doğrultmaya bilər və doğrultmur da. Buna görə də zaman və məkan anlayışı aparıcıdır.
– Ədəbi prosesdə zamanın hökmünə xüsusi əhəmiyyət verirsiniz. Sizcə, zaman hansı əsərlərin və müəlliflərin həqiqi dəyərini üzə çıxarır? Bu gün ədəbiyyatda müşahidə etdiyimiz çoxsaylı yaradıcılıq cəhdlərinin hansının qalıcı olacağını müəyyənləşdirən əsas meyar nədir?
– Ədəbi prosesi, bir növ, marafon qaçışına bənzədirlər. Başlanğıcda min iştirakçı olsa da, sonda qalib birinci, ikinci və üçüncü yerlərə çıxanlar olur. Zaman hər şeyi yerinə qoyur. Coşqun dağ çayı murdarlığı qəbul etmədiyi kimi, saf, təmiz ədəbiyyat da ötəri, keçici həvəsləri qəbul etmir. Hətta keçmiş sovet dönəminin bir çox ordenli, medallı qəhrəmanlarının acı taleyi göz önündədir.
Sözün və zamanın qarşısında
– Yaradıcılığınıza kənardan baxmaq, öz əsərlərinizi tənqid etmək barədə nə düşünürsünüz? Bu gün qələmə aldığınız hansısa şeirə və ya fikrə illər sonra yenidən baxanda onu başqa cür ifadə etmək istəyərdinizmi?
– Qeyri-təvazökarlıq olmasın, mən pis-yaxşı nə yazmışamsa, zamanın və qəlbimin hökmü ilə yazmışam. Hamısı da göz qabağındadır. Qaldı tənqid məsələsinə, necə deyərlər, heç kəs ağrımaz başına duz bağlamaq istəmir. Hər kəs özü öz həkimi olduğu kimi, hər kəs də özünün tənqidçisi olmalıdır. Belə olanda heç kəs öz ayranına turş demir…
– Sonda bir sual: illər sonra Xanəli Kərimli adı çəkiləndə onun hansı cəhətinin xatırlanmasını istərdiniz – şairliyinin, alimliyinin, müəllimliyinin, yoxsa bütün bunları birləşdirən insanlığının?
– Əgər Xanəli Kərimli söz adlı bir qüdrətə xəyanət etməyibsə, yəqin ki, söz də ona xəyanət etməz.
Sözardı
Xanəli Kərimlinin yaradıcılığına nəzər saldıqda onun şeirlərindən qırmızı xətt kimi keçən bir həqiqət diqqəti cəlb edir: söz insanın mənəvi dünyasının, mövqeyinin və özünə sədaqətinin ifadəsidir. Onun poeziyasında Vətən sevgisi, azadlıq duyğusu, haqq axtarışı, insanın daxili aləmi və zamanın sınaqları bir-birini tamamlayır. Bu yaradıcılıq yalnız şairin şəxsi duyğularının deyil, həm də yaşadığı dövrə, cəmiyyətə və mənsub olduğu xalqa münasibətinin ifadəsidir.
Bəlkə də, Xanəli Kərimlinin 75 illik ömür yolunu səciyyələndirən başlıca cəhət elə budur: müəllim kimi öyrətmək, alim kimi araşdırmaq, şair kimi duymaq və bütün bunların fövqündə insan kimi öz mənəvi mövqeyinə sadiq qalmaq. Onun sözə münasibətində şöhrətə deyil, həqiqətə, ötəri maraqlara deyil, zamanın sınağından keçəcək dəyərlərə üstünlük verilir.
Şairin bir misrası var: “Şair haqqın yolçusudur, haqq yolu kəfən yoludur”. Bu yolun asan olmadığını o da bilir, oxucusu da. Ancaq insan ömrünün sonunda arxaya baxanda qazandıqlarından daha çox qoruyub saxlaya bildikləri ilə xatırlanır. Xanəli Kərimlinin yaradıcılığında isə qorunan ən böyük dəyər sözə sədaqətdir.
75 illik ömrün, onilliklərə yayılan yaradıcılığın və saysız-hesabsız düşüncələrin içindən süzülüb gələn qənaət budur: illər ömrü tamamlayır, söz isə onu yaşadır.
Rəmzi TAHİRLİ
